Sosial

Məşəqqətli günlərimiz geri qayıdır — BİTMƏDİMİ BU ƏZAB?!

Məşəqqətli günlərimiz geri qayıdır — BİTMƏDİMİ BU ƏZAB?!

Abşeron rayonunun Xırdalan şəhərinin mərkəzi küçəsində sakinlərin etirazına səbəb olan təmir-qazıntı işləri barədə məlumat vermişdik. Mərkəzi küçələrin dəfələrlə, müxtəlif bəhanələrlə təmir olunması nəqliyyat vasitələrinin və piyadaların hərəkətini iflic edir.

Xırdalanın mərkəzi küçəsinin keçilməz hala salındığı bir zamanda, bu küçəyə qismən alternativ sayıla bilən Bakı-Sumqayıt yolunun da növbəti dəfə təmirinə başlanılıb. Artıq yolun “Vaz dairəsi” adlanan hissəsindən üzü Bakı istiqamətində, Xırdalan dairəsinədək asfalt örtük qazılıb və hazırda qazıntı davam edir.

Bu səbəbdən bir neçə gündür yolda tıxaclar artmağa başlayıb. Məsələn, bu gün səhər tıxac Masazır körpüsünün başlanğıcından tutmuş Xırdalan qəbiristanlığı da daxil olmaqla, Bakıya qədər davam edib. Asfalt örtüyü qazıyan ağır texnikanın yolun ortasında “barrikada” qurması avtomobil sıxlığını daha keçilməz edir.

Və nəzərə alaq ki, yay mövsümünün bitməsinə az qalıb. Gəzinti və istirahətdə olan Abşeron yarımadasının sakinləri geri dönməyə başlayıblar. Üstəlik, qarşıdan növbəti tədris ili gəlir – orta və ali məktəblər fəaliyyətə başlayacaq.

Məsələ barədə AYNA-ya açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmir olunan ərazilərdə yollar bağlanmayıb, sadəcə təmir-bərpa işləri gedir: “Buna rəğmən, yollarda gediş-gəliş üçün heç bir məhdudiyyət yoxdur. Hətta yollarda təmir-tikinti işləri gedə-gedə nəqliyyat vasitələrinin hərəkəti də təmin olunmuş olur”.

Onun sözlərinə görə, yeni dərs ilinin başlanmasına qədər təmir işlərinin yekunlaşması nəzərdə tutulur:

“Təmir olunan ərazilərdə gediş-gəlişi asanlaşdırmaq üçün alternativ yollar kifayət qədərdir. Sadəcə olaraq hər şey Bakı şəhərində cəmləşdiyi üçün, problemi həll etmək də nisbətən çətinləşir. Buna rəğmən, bacardığımız qədər prosesi tez həll etmək üçün əlimizdən gələni edəcəyik”.

Problemi AYNA-ya şərh edən yol-nəqliyyat eksperti Azər Allahverənov deyib ki, aidiyyəti qurumlar yollarda təmir-tikinti işlərinin aparılmasına düzgün riayət etmir: “Çünki iki əsas daşıyıcı yolda tez-tez təmir-tikinti işlərinin aparılması, əlbəttə ki, həmin ərazilərdə nəqliyyat vasitələrinin idarə olunmasında problemlər yaradacaq. Deməli, mütləq şəkildə alternativ variant olmalıdır”.

“Məsələyə başqa prizmadan yanaşsaq, o da ola bilər ki, müvafiq orqanlar yeni dərs ili başlayana qədər yolların təmirini tamamlamaq istəyir. Lakin belə olan təqdirdə, bu işlərin proqramlaşdırılmasında başqa bir problem ortaya çıxır. Çünki təmir-tikinti işlərinin uzun çəkməsini nəzərə alsaq, işə də daha əvvəldən başlamaq lazım idi”, - deyə A.Allahverənov qeyd edib.

Xatırladaq ki, Bakı-Sumqayıt yolu 2018-ci ildə əsaslı təmirə bağlandı və təmir aylarla davam etdi. Bundan əlavə, il ərzində dəfələrlə yolda hissə-hissə təmir işləri aparılır.(ayna.az)

Məşəqqətli günlərimiz geri qayıdır — BİTMƏDİMİ BU ƏZAB?!

Məşəqqətli günlərimiz geri qayıdır — BİTMƏDİMİ BU ƏZAB?!

Məşəqqətli günlərimiz geri qayıdır — BİTMƏDİMİ BU ƏZAB?!

D
demokrat.az