Salyan rayonunda 1977-ci il təvəllüdlü Cəmil həyat yoldaşının qardaşı oğlu Əliqayıta xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 27 may 2022-ci ildə Salyan rayonunun Qardili kəndində baş verib. Cəmil birgə yaşadıqları evdə arvadı Cəmilənin ondan xəbərsiz olaraq yas mərasiminə getməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu döyüb, evdən qovub.
Cəmilə sığınacaq kimi qardaşının evinə gedib. Qardaşının oğlu Əliqayıt evlərində olan söz-söhbətdən bibisi Cəmilənin əri Cəmil tərəfindən döyülərək evdən qovulmasını eşidib. O, mayın 27-də axşam saat 23 radələrində Cəmillə baş vermiş münaqişənin səbəbini araşdırmaq istəyərkən sonuncu ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Cəmil Əliqayıtı əlində olan uzun dəmir parçası ilə başından vuraraq ona xəsarət yetirib.
Hadisəni törədən Cəmilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Əliqayıt onun həm qaynının, həm də qudasının oğludur: “2022-ci ilin mayın 26-da, saat 18 radələrində işdən evə qayıdarkən arvadım Cəmilənin mənə demədən qardaşının yas mərasiminə gedib-gəldiyini eşitdim. Onunla mübahisə etdim, onu döyərək evdən qovdum. Hadisədən 3 gün sonra arvadımın qardaşı oğlu Əliqayıt zəng edərək məni nalayiq ifadələrlə söydü, nə üçün bibisi Cəmiləni döyərək evdən qovduğumu dedi. Axşam saat 23 radələrində sərxoş halda evdən çıxdım və yerdən uzun bir dəmir parçasını götürərək Əliqayıtın yaşadığı evə getdim. Əliqayıtın həyətinə daxil olarkən onun həyətdə tək halda dayanaraq siqaret çəkdiyini gördüm. Ona yaxınlaşaraq əlimdə olan dəmir parçası ilə başına bir dəfə zərbə vurdum. Əliqayıtın qışqırdığını və başından qan axdığını gördüm. Sonra həyətdən çıxıb evimə getdim. Gecəni yatdım. Növbəti gün, saat 9 radələrində Salyan rayon polis şöbəsinə könüllü gedərək hər şeyi etiraf etdim”.
İş üzrə zərərçəkmiş Əliqayıtın sözlərinə görə, mayın 27-də axşam saatlarında evdə olarkən bibisi Cəmilənin əmisi Ramizin yas mərasiminə getdiyi üçün əri Cəmil tərəfindən döyülərək evindən qovulduğunu eşidib: “Həmin gün saat 22 radələrində bibim və sonuncunun oğlu Mirməhəmməd bizdə olarkən Cəmil oğlu Mirməhəmmədə zəng etdi. Ona qarşı nalayiq ifadələr işlətdiyini eşitdim. Əsəbləşdiyim üçün Mirməhəmməddən telefonu alaraq ona bibim Cəmilənin və Mirməhəmmədin bizdə qalacaqlarını, evə qayıtmayacaqlarını dedim. Cəmil mənim də ünvanıma nalayiq ifadələr işlətdi. Mən də Cəmilə qarşılıq verərək eyni şəkildə nalayiq ifadələrlə cavab verdim. Təxminən 1 saat sonra həyətdə siqaret çəkdiyim vaxt Cəmilin həyətə gəldiyini və əlində uzun dəmir parçası olduğunu gördüm. Cəmil yaxınlaşaraq başıma bir dəfə zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Qışqırıq səsimə valideynlərim bayıra çıxdı. Atam Təcili-Tibbi Yardıma və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi. Təcili yardım avtomobili gələrək məni Salyan rayon mərkəzi xəstəxanasına apardı”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəmil 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan cəzanın şərti hesab edilməsini istəyib. Təqsirləndirilən şəxsin şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətini araşdıran hakimləri heyəti sonda qərar açıqlayıb. Qərara görə, onun şikayəti təmin edilməyib.
Fariz Məlikli Demokrat.az


