Bu gün Medianın İnkişafı Agentliyinin yaradılmasının üç ili tamam olur. Agentlik Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Demokrat.az-a açıqlamasında son illərdə yerli medianın vəziyyəti ilə bağlı fikirlərini bölüşüb:
“Medianın İnkişafı Agentliyi tənzimləyici rol oynayır, amma hələ görüləsi işlər çoxdur. “Media haqqında” Qanun qəbul olunub, Media Reyestri yaradılıb, amma kimlərəsə vəsiqə verilir, kimlərəsə yox. Bu gün jurnalistikamız daha çox təbliğatçı və təşviqatçı rolunu oynayır. Görmək istədiklərimi hələ ki görə bilmirəm. Mediada ilk növbədə peşəkarlıq və sərbəstliyə ehtiyac var. Medianın özü-özünü dolandırması üçün şərait yaradılmalı olduğunu dəfələrlə vurğulayıram. Balıq əvəzinə tilov vermək lazımdır, tilovla balıq tutmaq üçün də şərait, buna hələ nail olmamışıq”.
Törə Zeynallı Demokrat.az


