Sosial Özəl

Hamilələr qızılcadan necə qorunmalıdırlar? — AÇIQLAMA

Hamilələr qızılcadan necə qorunmalıdırlar? — AÇIQLAMA

Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı hamilə qadınlara xəbərdarlıq edib. Nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, vaxtında qızılcaya qarşı peyvənd olunmayan qadınlarda hamiləlik dövründə xəstəliyin gedişatı ağır ola bilər. Bunun əsas səbəbi hamiləlik dövründə qadının fizioloji olaraq immun sisteminin nisbətən zəifləməsindən irəli gəlir. Qeyd olunub ki, hamiləlikdə də əsas yoluxma mənbəyi xəstə insanla kontaktdır: "Xəstəlik ilk trimestrdə inkişafdan qalmış hamiləliyə, özbaşına düşüklərə səbəb olur. Əgər xəstəlik hamiləlik dövründə inkişaf edirsə, bu zaman uşaqda mərkəzi sinir sisteminin zədələnmələri, mayalanma dövrünə təsadüf etdiyi təqdirdə isə xromosom anomaliyalarının yaranmasına gətirib çıxara bilər. İkinci trimestrdə isə vaxtından əvvəl doğuşla nəticələnə bilər. Qızılca zamanı ağciyər pnevmoniyasının inkişafı riski hamilələrdə yüksək olur. Xəstə insanla kontaktda olmuş hamilə təcili şəkildə həkimə müraciət etməli və 72 saat ərzində ona qızılca əleyhinə immunoqlobulin yeridilməlidir. Bu, həm virusa yoluxmanın qarşısını alır, həm də yoluxma baş verərsə, onun yüngül keçməsinə şərait yaradır".

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən ginekoloq Təranə Həsənova hamilə qadınların qızılcaya yoluxmamaq üçün diqqət etmələri olduğu məqamlara toxunub:

Hamilələr qızılcadan necə qorunmalıdırlar? — AÇIQLAMA

“Hamiləlik dövründə qadınların peyvənd olunması ilə bağlı hər hansı klinik protokol yoxdur, çünki peyvəndin hamilə qadınlara necə təsir edəcəyi əsaslı şəkildə sübuta yetirilməyib. Belə olan halda biz Səhiyyə Nazirliyinin tövsiyələrinə əsaslanırıq. Hamilələr kütləvi yerlərdə olmaqdan çəkinməklə özlərini qızılcadan qoruya bilərlər. Şübhəsiz ki, bu da 100 faizlik qorunma üsulu deyil, amma qismən də olsa, yoluxmanın qarşısını ala bilər. Çünki qızılca virusu hava-damcı yolu ilə keçir, bundan da tam şəkildə qorunmaq mümkünsüzdür. İkincisi isə hamilə qadınlar harasa gedərkən, sıxlıq olan yerlərdə hökmən maska taxmalıdırlar. Təsəvvür edin ki, qızılcaya yoluxmuş hamilə qadın xəstəxanaya gəlir, amma yenə də maska taxmır. Öskürür, hərarəti var, yenə də maska taxmır. Soruşanda da deyir ki, bilmirdim maska taxmaq lazım olduğunu. Onu da qeyd edim ki, hazırda qızılcanın yayıldığı dövrdə suçiçəyinə yoluxmuş az sayda hamilələrə də rast gəlinir.

Tək hamilələr və uşaqlar deyil, ümumiyyətlə hər kəs indiki vaxtda kütləvi yerlərdə olmaqdan çəkinsə yaxşıdır, ələxsus da qızılca keçirməmiş və ya keçirdiyini xatırlamayan insanlar. Çünki xəstəliyin gedişatı həqiqətən ağırdır. Virusa yoluxmağın qarşısını almaq üçün maska taxmaq, insanlarla yaxın təmasdan çəkinmək lazımdır. Böyüklər xəstəliyi daha ağır keçirir, nəinki uşaqlar”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova