Kriminal Özəl

36 yaşlı kişi dayısına xəsarət yetirdi — MƏHKƏMƏ

36 yaşlı kişi dayısına xəsarət yetirdi — MƏHKƏMƏ

Göygöl rayonunda 1987-ci il təvəllüdlü Azər dayısı Vüqara xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 4 iyul 2022-ci ildə Göygöl rayonunun Hacıməlik qəsəbəsində baş verib. Azər qəsəbə ərazisində yerləşən torpaq sahəsində dayısı Vüqarın özünə məxsus torpaq sahəsini traktorla qazdıraraq suvarma üçün su kanalı çəkdirmək istəyən zaman həmin kanalın bir hisəsinin onun torpaq sahəsinə düşəcəyinə etirazını bildirməsi səbəbindən aralarında mübahisə baş verib. Mübahisə zamanı Azər yerdən götürdüyü daş parçası ilə Vüqarın sifət nahiyəsinə vurub.

Hadisəni törədən Azərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə günü, təxminən saat 13.50-də özünə məxsus pay torpağında ot kipi bağlatmaq üçün torpaq sahəsinə dayısı İmdadın idarə etdiyi “Niva” markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobil ilə gedib: “Həmin vaxt digər dayım Vüqar və onun oğlu Nəcəfin mənə məxsus torpaq sahəsinin içərisindən traktor ilə özünə məxsus torpaq sahəsinə arx çəkdirdiyini gördüm. Avtomobildən düşdüm və kənardan traktoru idarə edən üzünü görə bilmədiyim şəxsə “mənə məxsus torpaq sahəsini niyə yarasız hala salırsan” deyə səsləndim. Həmin vaxt dayım oğlu Nəcəf yerdən daş götürərək mənə doğru 3-4 dəfə daş atdı. Həmin daşlardan biri sağ ayağımın topuq nahiyəsinə dəydi. Dayım İmdad dedir ki, gəl avtomobilə əyləş, yoxsa səni öldürəcəklər. Mən tez avtomobilə əyləşdim və qapını bağladım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Vüqar və Nəcəf onlara yaxınlaşıblar: “Vüqar və oğlu Nəcəf dayım İmdada dedilər ki, qapını açsın, yoxsa avtomobilin pəncərəsini qıracaqlar. Vüqar və Nəcəf məni öldürəcəklərini dedilər. Vüqar dayım İmdada məni avtomobildən düşürməyəcəyim halda avtomobilin şüşəsini sındıracağını dedi. Dayım Vüqar və dayım oğlu Nəcəf məni nalayiq ifadələrlə təhqir etdilər. Daha sonra dayım avtomobili sürərək həmin yerdən uzaqlaşdılar. Həmin traktorun qonşuluqda yaşayan Anar adlı şəxsə məxsus olduğunu bildim. Oradan uzaqlaşıb getdikdən sonra Anara məxsus mobil telefona zəng edərək, ondan “mənim torpağıma niyə arx çəkibsən” deyə soruşdum. Anar danışıq zamanı bildirdi ki, Vüqar həmin torpaq sahəsinin özünə məxsus olduğunu dedim. Hadisə zamanı heç kimi vurmamışam. Əksinə məni dayım oğlu Nəcəf daş ilə vuraraq sağ ayağıma xəsarət yetirib. Mən heç kimi nalayiq ifadələrlə təhqir etməmişəm”.

İş üzrə zərərçəkmiş Vüqarın sözlərinə görə, hadisə günü, təxminən saat 13 radələrində oğlu Nəcəflə Hacəməlik qəsəbəsində yerləşən özünə məxsus pay torpağına traktor aparıblar və torpaq sahəsinin su axmayan hissəsinə suyun gəlməsi üçün arx çəkdirmək istəyiblər:

“Mən torpaq sahəsinin kənarında dayanmışdım, oğlum Nəcəf isə traktor sürücüsü ilə birlikdə traktorun içərisində əyləşib arx çəkiblər. Həmin vaxt bacım oğlu Azər qardaşım İmdadla birlikdə sonuncuya məxsus “Niva” markalı avtomobil ilə torpaq sahəsinin yanına gəldi. Azər avtomobildən düşüb mənə doğru yaxınlaşdı, traktoru niyə torpaq sahəsinə salıbsan deyərək, ünvanıma nalayiq fadələr işlətdi. Daha sonra yerdən daş götürərək mənə doğru atdı. Daş sağ gözümün altına dəydi. Azər tez İmdada məxsus avtomobilə doğru qaçdı, avtomobilə əyləşdi. Oğlum Nəcəf isə traktordan düşdü, Azərin arxası ilə qaçdı. Avtomobilə doğru getdim. İmdad avtomobilin qapılarını bağladığından onaqapını açmağı, Azəri avtomobildən düşürməsini bildirdim. Lakin İmdad avtomobilin qapısını açmadı. İmdad avtomobili oradan sürərək uzaqlaşdı. Mən özümə məxsus “VAZ-21010” markalı avtomobilimə əyləşdim, oğlum Nəcəflə birlikdə Göygöl rayon Mərkəzi Xəstəxanasına getdik. Sonra Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə müraciət etdim. Xəstəxanada halım qəfil pisləşdi. Orada məni ürək xəstəxanasına aparılmağımı bildirdilər. Oradan məni təcili tibbi yardım maşınıilə Gəncə şəhər Kardioloji xəstəxanasına apardılar”.

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Azər 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən yaşayış yerini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Gəncə şəhəri və Göygöl rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova