Gündəm Özəl

"Hazırkı vaxtda..." — Deputatdan uşaq pulu AÇIQLAMASI

Hazırkı vaxtda... — Deputatdan uşaq pulu AÇIQLAMASI

Ağ Partiyanın sədri Tural Abbaslı “Reaksiya Tv”nin canlı efirində çox uşaqlı ailələrə dövlət dəstəyinin göstərilməsinin vacibliyini qeyd edib. O deyib ki, 4 uşağı olan ailələrə dövlət ev verməlidir: “Bu adam 4 uşaq saxlayırsa, ona iki otaqlı ev vermək nə böyük şeydir ki? Bakı göbələk kimi hündürmərtəbəli binalarla doludur, kvadratı da 2500-3000 manat. Kimin ağlına nə qiymət gəlir, satır. Ay qardaş, ikiotaqlı ev gəlib 100 minə çıxır. 100 min manat nə deməkdir? Bizim kimi normal insanlar üçün bu rəqəm fantastikdir. Dövlət axı həm də imkansızın dövlətidir, təkcə məmurların, oliqarxların dövləti deyil”. T.Abbaslı boşanmaların artmasının da maddiyyatla əlaqəli olduğu fikrindədir: “2023-cü ilin əhali sayında olan artıma baxın. Bir uşaqdan artıq uşaq dünyaya gəlmir. Uşaq pulu olmalıdır, ev verilməlidir, şərait yaradılmalıdır. Kasıblıqdan boşanmaların sayı 39% artıb. Kim nə deyirsə, desin, kasıblıq, yoxsulluq, dava-dalaş, kommunal xərclər, gərginlik problemdir. Boşanma o deməkdir ki, 40% ailədə böyüyən uşaqlar natamam, psixoloji problemli, gərgin uşaqlar olacaqlar. Beləliklə, cəmiyyət də gələcəkdə gərgin olacaq. Bu gün Azərbaycanda ən böyük problemlərdən biri aliment məsələsidir. Boşanıblar, aliment verə bilmirlər. Yazıq qadın o tərəfdə, kişi bu tərəfdə, uşaq da ortada bədbəxt olur”.

Milli Məclisin deputatı Rüfət Quliyevin təklifə münasibətini öyrəndik.

O, Demokrat.az-a açıqlamasında bildirdi ki, gənc və çoxuşaqlı ailələrə dəstək göstərilməsi vacibdir, lakin bu məsələdə dövlətin maliyyə imkanları nəzərə alınmalıdır:

“Tural Abbaslının söylədikləri utopik fikirlərdir. Əsaslandırılmamış nəzəriyyələr irəli sürmək asandır, bunların hamısı iqtisadi təhlillərə söykənməlidir. Statistikaya baxsaq, ölkədə demoqrafik artımın olduğunu deyə bilərik, doğulan insanların sayı dünyasını dəyişənləri üstələyir. Əlbəttə, mən də istərdim ki, ailə quran gənclərə maddi dəstək olunsun. Bunun üçün ipoteka var. İpoteka siyasətinin dərinləşməsi, inkişafı prosesi gedir. Bununla yanaşı, ipoteka şərtlərində bəzi məqamlarla razı deyiləm. Məsələn, banklar ipoteka verəndə şəxsin müəyyən həddə maaşının olmasını tələb edir. Bu, düzgün deyil, dəfələrlə etirazımı bildirmişəm. Banklar nəzərə almalıdır ki, 400-600 manat civarında maaş alan insanların sayı çoxdur. Bəziləri hətta 1000 manat əməkhaqqı tələb edir”.

Deputatın sözlərinə görə boşanmalar qlobal problemə çevrilib:

Hazırkı vaxtda... — Deputatdan uşaq pulu AÇIQLAMASI

“Bəli, boşanmaların sayı artır, yaxşı hal deyil. Amma bu proses tək Azərbaycanda deyil, bütün dünyada baş verir, bunun da müəyyən səbəbləri var. Bu gün dünyanın əksər ölkələrində insanlar vətəndaş nikahına girirlər, ailə qurmurlar. Onu da deyim ki, bizim ölkədə də tək-tük belə hallar var”.

R.Quliyev əlavə edib ki, büdcədən sosial yönümlü xərclərə sərf olunan maliyyə artırılır:

“Etiraf edək ki, dövlət öz maliyyə imkanlarından istifadə edərək təqaüdləri də, əməkhaqlarını da artırır. İnflyasiya insanların gəlirlərinə mənfi təsir edir, razıyam. Amma hazırkı dövrdə uşaq pulu tələb etmək düzgün deyil. Onsuz da büdcənin təxminən 45-50 faizi sosial yönümlü xərclərdir. Büdcənin 36 milyarddan çoxu xərc hissəsidir, onun da dediyim faizi sosial yönümlüdür. Kifayət qədər qazancı olmayan çoxuşaqlı ailələrə dövlət dəstək göstərir, müavinətlər verilir, getdikcə bunun miqyası da artır. Kiçik bir pay torpağı olan, 30-40 il bundan əvvələ aid “Moskviç” maşını və ya traktoru olana müavinət verilməsindən imtina edilməsini də dəfələrlə tənqid etmişik. Lakin artıq bunlar nəzərə alınır və dövlət buna nəzarət edir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova