Bakının Nizami rayonunda 1961-ci il təvəllüdlü Samir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vəsiləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 21-də baş verib.
Samir yaşadığı mənzildə arvadı Vəsilə ilə aralarında onun içkili halda evdə səs-küy yaratması səbəbindən ailə məişət münaqişəsi zəminində mübahisə edib. Bu zaman Samir mənzildə olan oturacağı qəsdən Vəsilənin üzərinə atıb və yumruqla bədəninin müxtəlif nahiyyələrinə qəsdən vurub.
Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Vəsilə ilə iki il əvvəl ailə həyatı qurublar:
“Sentyabrın 21-də, saat 21 radələrində yaşadığımız mənzilə getdim. Mənzildəki soyuducudan su götürərək içdim. Sonra su qabını stola qoyduqda Vəsilə nə üçün su qabını stola möhkəm vurduğumu soruşdu. Bu zəmində aramızda mübahisə oldu. Mübahisə vaxtı Vəsilə ilə qarşılıqlı bir-birimizi təhqir etməyə başladıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman əsəbləşərək stulu Vəsilənin üzərinə atıb və Vəsilə yerə yıxılıb:
“Vəsilə ayağa qalxdıqdan sonra məni yenidən təhqir etdi. Ona yaxınlaşaraq əlim ilə sinə nahiyyəsindən vurdum. Bundan sonra əsəbləşərək sifət nahiyyəsindən bir neçə dəfə yumruqla vurdum. Bu zaman Vəsilənin atası aramıza girdi. Vəsilənin Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdiyini gördüm. Hadisələrin daha da böyüməməsi üçün yaşadığım mənzili tərk edib getdim”.
İş üzrə zərərçəkmiş Vəsilənin sözlərinə görə, son vaxtlar Samirlə aralarında ailə məişət zəminində münaqişələr olub:
“Mən ayrılmaq istədiyimi bildirdikdə Samir əgər ayrılmaq istəyirsən, yaşadığımız mənzili satıb pulu böldükdən sonra onunla ayrılacağını bildirdi. Sentyabrın 21-də, saat 22 radələrində Samir yaşadığımiz mənzilə gələrək yenidən mənimlə mübahisə etdi. Mübahisə zamanı mənzildəki əşyaları götürərək üzərimə atdım. Bu hərəkətlərini dayandırmasını tələb etdikdə Samir oturacağı götürərək üzərimə atdı. Stul baş və çiyin nahiyyəmə dəyərək xəsarət aldım. Bundan sonra Samir yumruqla bədənimin müxtəlif nahiyyələrindən vuraraq mənə yenə xəsarətlər yetirdi”.
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Samir 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Fariz Məlikli Demokrat.az


