Hadisə Özəl

“Ərim məni öldürməklə hədələdi” — Paytaxtda baş verən cinayətin təfərrüatı…

“Ərim məni öldürməklə hədələdi” — Paytaxtda baş verən cinayətin təfərrüatı…

Bakının Xəzər rayonunda 1991-ci il təvəllüdlü Sənan ailə münaqişəsi zəminində həyat yoldaşı Aygünə (adlar şərti verilib –red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sənanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Aygün ilə 2014-ci ildə rəsmi ailə həyatı qurublar:

“Nikahdan 2 övladımız anadan olub. Boşanmağımıza səbəb isə ailə qurduqdan sonra aramızda mütəmadi olaraq söz-söhbətin olub. Buna görə də 2023-cü ilin avqust ayında boşanmaq üçün məhkəməyə müraciət etdik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl saat 18.00-da yaşadıqları Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, nömrəsiz evə gəldikdə həyat yoldaşı ona qapını açmadığı üçün əsəbləşib:

“Həyat yoldaşımı öldürəcəyimi, evi yandıracağımı dedim. Bundan sonra həyat yoldaşım evdə olduğumuz zaman mobil telefonumu məndən xəbərsiz götürüb, mobil telefondakı mesajlara baxmasına görə aramızda mübahisə yarandı. Aramızda yaranmış mübahisə zamanı əlim ilə həyat yoldaşımın başından bir neçə zərbə vurdum”.

Təqsirləndirilən şəxs əlavə edib ki, həyat yoldaşı ilə yaşadıqları evdə, gecə saat 04.00-da aralarında yaranan mübahisə zamanı başından yumruqla qəsdən vuraraq ona xəsarət yetirib:

“Həmin zaman yanmızda heç kim olmayıb”.

İş üzrə zərərçəkmiş Aygünün sözlərinə görə, həyat yoldaşı Sənanın həyatında tanımadığı yeni bir qadın olduğu üçün 2023-cü ilin avqust ayında həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib: “Sənan saat 18.00-da yaşadığımız evə gələrək məni ölümlə hədələdi, yaşadığımız evi yandıracağını bildirdi. Məni və uşaqlarımı narahat etdi. Bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim. Bundan başqa, Sənan gecə saat 04.00-da yaşadığımız evdə başımdan bir neçə yumruq zərbəsi, qarın nahiyəmdən təpiklə qəsdən vurdu. Mənə xəsarət yetirdi”. Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sənanın barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az