Sabirabadda 12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlanması xəbəri erkən nikah, qız uşaqlarının hüquqlarının müdafiəsi məsələlərini yenidən gündəmə gətirir. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında qızlarını erkən yaşda nişanlayan ailələrin cərimələnməsini təklif edib: “Təklif edirəm erkən nişanlama tətbiq edən tərəflər hərəsi 5000 manat cərimələnsin. Daha sonra nəzarət olsun, gizlicə öz bildiklərini etmək istəyəndə həbs olunsunlar. Başqa əlac yoxdur”.
Mövzu ilə bağlı Demokrat.az-a fikirlərini bildirən QHT sədri qeyd edib ki, artıq erkən nikahdan çox erkən nişanlama daha həyacanlı SOS çağırışı edir:

“Lakin erkən nişanın erkən nikahla müqayisədə fəsadı heç də az deyil. Belə ki 12 yaş artıq uşaq nikahıdır, erkən nikah deyil. Bu baxımdan təcili tədbirlərin görülməsinə böyük ehtiyac var. Yerli icra hakimiyyəti orqanları birbaşa bu məsələlərdə cavabdehdir. Bəli, polis, bələdiyyə, təhsil, yeri gəlsə, ərazidə sosial xidmət qurumları da bu məsuliyyətdən kənarda qalmamalıdır. İqtisadi sanksiyalar bəzən heç də az təsirli olmur, ələxsus, bu, yüksək məbləğ olarsa, təbii ki, nəticəsiz ötüşməyəcək. Eləcə də sanksiyadan sonra monitorinq aparılması istiqamətində addımlar da tətbiq edilməlidir. Ailə düşünməməlidir ki, cəriməni ödədi və bununla cəzadan yaxasını qurtardı. İqtisadi sanksiya valideynlərə ilkin xəbərdarlıq olmalıdır”.
Törə Zeynallı Demokrat.az


