Artıq sayılı saatlar qalıb ki, 2023-cü ili təhvil verib yeni ili qarşılayaq. Dünya bayram ab-havasındadır. Hər bayram kimi Yeni İl bayramının da öz tarixi, öz yaşı hətta bir-birindən maraqlı adətləri, inancları var.
Filologiya üzrə fəlsəfə doktoru dosent folklorşünas İlhamə Qəsəbova Demokrat.az-a bayramla bağlı bilinməyən maraqlı məqamlardan danışıb:
“Yeni İlin ən böyük atributu ağacdır. Ağac kultu türk topluluqlarının inam və ümid, sayğı yeridir. Ağac kultu qədim türklərin həm də suya, oda, torpağa olan inanclarından yaranıb. İnsanlar ağaca dilək edər, xəstəlikdən qurtulmaq, niyyətlərinə, arzularına çatmaq üçün ümid edərdilər. Türk mədəniyyətinin ortaq kitabı olan “Kitabi Dədə Qorqud”da da ağacla bağlı maraqlı məqamlar var. Məkkə və Mədinənin qapısı ağacdandır, suların üzərindən keçmək üçün ağacdan körpülər salınıb, dəniz üzərində ağacdan gəmilər üzür. İnsan yaranışdan ağaca tapınıb. Doğulan körpənin beşiyi ağacdan olub. Demək ki, insanın ilk evi ağacdan olub. Hətta nəzər olmasın deyə beşiyin üzərinə dağdağan ağacı asardılar. Toylarımızda “Şax qaldırma” ənənəsində ağac kultundan istifadə edilir. Ağac həm də şəcərədir, köklü, qollu-budaqlı, barlı-bağçalıdır. Şam ağacı uzun ömürlüdür. Elə bu səbəbdən də evlərə şam ağacları qoymaqla ailə səadətini, ailə bütövlüyünü uzun ömürlü şam ağacına bənzədirlər”.
İ.Qəsəbova qeyd edib ki, bu bayramın qədim germanlara və romalılara aid olduğuna dair fikirlər var:

“Başqa bir mənbəyə görə isə yeni ili bayramla qarşılamaq ənənəsinin əsası eramızdan əvvəl üçüncü minillikdə Mesopotamiyada qoyulub, bəzən də ilk dəfə Çində əsasının qoyulduğunu deyirlər. Bayramın yaranmasının təxminən 25 əsrlik tarixi var. İnanca görə yeni ili necə qarşılasan, elə də yola salarsan. Yeni il həm də hər kəsin hədiyyə gözlədikləri gündür. Xüsusilə uşaqlar Şaxta babadan hədiyyə gözləyirlər. Şaxta baba yaz yağışından, yayın istisindən, payızın soyuğundan, nəhayət, qarlı qışdan keçərək özünü çatdırır ki, uşaqlara hədiyyə gətirsin”.
Müsahibimiz əlavə edib ki, ABŞ hər il bayram hədiyyələri və açıqçalarının sayına görə rekord qırır:
““Santa Klaus” öz ağ saqqalı, qırmızı kürküylə 8 maral qoşulmuş arabasında milad gecəsi peyda olaraq evlərə daxil olur və uşaqlar üçün hədiyyələr qoyur. 18-ci əsrin sonlarında Avstriyada bir-birinə üzərində qaban şəkilləri həkk olunmuş gil və saxsı fiqurlar, açıqcalar hədiyyə etmək ənənəsi yaranıb.
Yeni il dünyanın müxtəlif yerlərində müxtəlif adətlərlə qarşılanır. Avstriyalılar da Yeni il axşamı bayram süfrəsinə bol yeməklər düzürlər ki, qarşıdan gələn ildə zəngin yaşamaq mümkün olsun. Maraqlıdır ki, qədim dövrlərdən başlayaraq inanca görə avropalıların süfrəsində qızardılmış donuz əti olmalıdır. Xoşbəxt olmaq üçün hətta inanca görə hökmən donuz burnu və ya bu heyvanın baş ətindən bir parça yemək tələb olunur. Yeni il ərəfəsində Avstriya paytaxtının küçə və meydanlarında yarmarkalar təşkil olunur. Bu yarmarka bazar tipli olur. Ən böyük bazar isə paytaxt Vyananın Ratuş meydanında açılır”.

İ.Qəsəbova digər ölkələrdə yerinə yetirilən yeni il rituallarından da söhbət açıb:
“Yeni il bayramı Böyük Britaniyada da olduqca təmtəraqlı keçirilir, bayram günü evlərdə dərindən təmizlik işləri görülür. Bununla evi həm də mənfi auralardan təmizləyir, yeni ilə xoş əhvalda qədəm qoyurlar. Bayram ərəfəsində uşaqlar üçün müxtəlif səhnələr qurulur. Əsasən ingilis nağılları səhnələşdirilir. Bu səhnəciklərin içində birinci yerdə Şekspir komediyaları durur. Uşaqlar Şekspirin komediyalarını çox maraqla qarşılayırlar.
Bayram həm də evlərin çırağının yandırılması, şənliklərin qurulması, adət-ənənələrin yaşadılması və ailənin bərabər olması deməkdir. Bolqarıstanda Yeni İli evdə qarşılayırlar. Həmin gün ailənin kiçik üzvü şam ağacının yanında dayanaraq qonaqları əyləndirir. Qonaqlar uşaqlara hədiyyələr verirlər. Yeni İl günü bir-birinə hədiyyə vermək dünyanın hər yerində dəbdədir. Bolqarların çox qəribə bir inancı var. Belə ki, süfrə başında asqıran varsa, sevinirlər, bunun uğur gətirəcəyinə inanırlar.
Yeni İl bayramına hazırlaşan macarlar isə yeni il axşamının sehrli gücünə inanırlar. Macarlara görə noxud və lobya ruh və bədənin gücünü qoruyub saxlayır, alma gözəllik və sevgi bəxş edir, qoz bədbəxtlikdən, sarımsaq xəstəlikdən qoruyur, bal isə həyatı daha da şirin edir. Buna görə də bayram süfrəsində bu təamlardan istifadə edirlər.
Maraqlı ənənələrdən biri də Niderland və Belçikada yaşanır. Belə ki, ənənəvi olaraq yeni il gecəsini fal açma gecəsi kimi qeyd edirlər. Yeni ilin ilk günündə Benilüks ölkələrinin sakinləri ev heyvanlarını müşahidə edirlər. Onların davranışına görə qarşıdan gələn ili proqnozlaşdırmaq olar. Bu gün uşaqlar valideynlərini təbrik etməlidirlər. Onlar bu məqsədlə əvvəlcədən nitq hazırlayır və onu rəngarəng lentlərlə bəzədilmiş xüsusi rəngli kağıza yazırlar. İnanca görə Yeni il axşamı onların evlərinə mərhəmətli mələk daxil olur. O, hər bir evə gəlir və uşaqların yastığı altına sovqat qoyur”.
Törə Zeynallı Demokrat.az


