Gündəm Özəl

Suverenliyimizin bərpası həmrəyliyimizin gücünü göstərən ən mühüm hadisədir

Suverenliyimizin bərpası həmrəyliyimizin gücünü göstərən ən mühüm hadisədir

Dünya azərbaycanlıları hər təqvim ilinin son gününü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edir. Tarixi 1989-cu ilə gedib bu hadisə bütün Azərbaycan xalqının müstəqil iradəsini nümayiş etdirən əlamətdar günlərdəndir. Həmin ilin dekabr ayının son günlərində şimallı cənublu bütün xalq birliyini bəyan etdi, tikanlı məftillərin, sərhəd dirəklərinin birlik, həmrəylik ideologiyası qarşısında maneə ola bilməyəcəyini sübuta yetirdi. Ayağa qalxan xalqın sarsılmaz iradəsi nəticəsində ilk dəfə o taylı, bu taylı Azərbaycan xalqı vahid şüar ətrafında birləşdi. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə Birinci Millətlərarası Azərbaycan Dərnəkləri Qurultayının keçirilməsi isə Naxçıvanda təməli qoyulan sərhəd hərəkatının davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Qurultay 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurətini irəli sürən qərar qəbul etdi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Qərarda sərhəd çəpərlərinin bərpa edilməsinin qanunsuz hesab edilməsi və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyasının yaradılması kimi mühüm bir bənd yer aldı.

Suverenliyimizin bərpası həmrəyliyimizin gücünü göstərən ən mühüm hadisədir

Həmrəyliyimizi əyani əks etdirən mühüm hadisələrdən biri də Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsidir. Qurultay xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə bağlarının daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbirdir. Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildən keçirilir. II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay 2016-cı il, V qurultay isə 2022-ci ilin aprelində keçirilib. Bu gün 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində 50 milyondan çox azərbaycanlı tərəfindən qeyd olunur. Həmrəyliyimizin nəticəsində 30 ildən bəri düşmən tapdağı altında qalan vətən torpağı azad edildi, Qarabağın hər qarışında üçrəngli bayrağımız dalğalanır, separatizmin yuvası olan Xankəndi artıq doğma sakinlərini qarşılamağa hazırlaşır.

31 dekabr tarixinin əhəmiyyətinə toxunan Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Demokrat.az-a açıqlamasında qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qələbəsi, həmin vaxt ölkənin bütün siyasi partiyalarının Ali Baş Komandanın yanında olduğunu bəyan etməsi son illərdə birliyimizin gücünü göstərən ən mühüm hadisədir:

Suverenliyimizin bərpası həmrəyliyimizin gücünü göstərən ən mühüm hadisədir

“2020-ci ilin iyul döyüşləri xarici ölkələrdə yaşaya həmvətənlərimizin, diasport təşkilatlarının bir yumruq kimi birləşməsində mühüm dönüş nöqtəsi oldu. Bu həmrəyliyə 44 günlük Vətən müharibəsində də şahidlik etdik. Qarabağ həqiqətlərinin dünyaya bəyan edilməsi, Ermənistanın müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması harada yaşamağından asılı olmayaraq hər bir azərbaycanlı üçün mənəvi borc idi. İnformasiya müharibəsi ikinci cəbhəyə çevrilmişdi. Bu gün gənclərimiz həmrəyliyimizin dayaqlarının möhkəmlənməsində, azərbaycançılıq ideologiyasının təbliğində mühüm işlər görür, onlar bu mübarizənin əsas əsgərlərinə çevriliblər. Proses davam edir. Xalqımızın siyasi və mədəni həyatında cəmiyyətin bütün təbəqələri, iqtidarla müxalifət yan-yanadır. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanda milli düşüncəni, vətəndaş birliyini daha da gücləndirib. 2023-cu ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə Qarabağın erməni separatçılarından təmizlənməsi, bütün ərazilərimizdə suverenliyimizin bərpa olunması 3 il əvvəl qazanılan parlaq qələbənin məntiqli davamı idi. Xocalıda, Xankəndində bayrağımızın ucaldılması milli mənlik, qürur məsələsi idi. Cənab Prezidentin qətiyyətli siyasəti və prinsipiallığı nəticəsində buna nail olduq. Xalqımızın hər daim ölkə başçısının yanında olmasını sübut etməsi həmrəyliyimizin sarsılmaz olduğunu göstərən ən mühüm amildir”.

Əməkdar jurnalist, siyasi analitik Elçin Mirzəbəyli də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin simvoluna çevrildiyini bildirib:

Suverenliyimizin bərpası həmrəyliyimizin gücünü göstərən ən mühüm hadisədir
“Təkcə son illərdə deyil, son iki əsrlik tariximizdə bizi birləşdirən başlıca amil Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarımızı bərpa etməyimiz, hər anı əsgər və zabit fədakarlığı, misli görünməmiş qəhrəmanlıqlarla zəngin olan Zəfərimizdir. Azərbaycan xalqının birliyinin gücü isə özünü Ali Baş Komandanın qətiyyətində, milli iradəni ifadə edən addımlarında, ordumuzun rəşadətində büruzə verib. Son 200 illik tariximiz təəssüf ki, böyük məhrumiyyətlərlə, tarixi yurd yerlərimizin işğalı və ilhaqı ilə, soydaşlarımızın öz ata-baba yurdlarından zorla çıxarılması, həmvətənlərimizin soyqırım və etnik təmizlənməyə məruz qalması ilə müşaiyət olunub, bu illər ərzində bizi birləşdirən bütün faciələrin gətirdiyi ağrı-acıları paylaşmaq olub. Bizi dörd tərəfdən üzərimizə yürüyən ədalətsizlik, haqsızlıq, torpaq itkisi, yurd həsrəti və saysız-hesabsız faciələrin gətirdiyi çətinliklər birləşdirib. Uzaq keçmişdə yaratdığımız dövlətlərlə, mifik və tarixi qəhrəmanlarımızla özümüzə təsəlli vermişik. Amma indi milli ruhumuzu, yenilməzliyimizi, qürurumuzu əbədiyyətədək ayaqda saxlayacaq qəhrəmanlarımız var”.

Törə Zeynallı Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə azərbaycançılıq ideyasının təbliği istiqamətində hazırlanıb.

NE
Nihadə Eyyubova