Gündəm Özəl

"Azyaşlı qızını ailə qurmaq məqsədi ilə nişanlayan valideynlər mütləq məsuliyyətə cəlb olunmalıdırlar" — AÇIQLAMA

Azyaşlı qızını ailə qurmaq məqsədi ilə nişanlayan valideynlər mütləq məsuliyyətə cəlb olunmalıdırlar — AÇIQLAMA

Sabirabadın Məmişli kəndində 12 yaşlı qızı özündən 20 yaş böyük kişi ilə nişanlayıblar. Daha bir cinayət, daha bir psixoloji şiddət, mənəvi zorakılıq, hüquqları tapdanmış uşaq…Nikah yaşına çatıb “evlilik” baş tutandan sonra isə ailədaxili zorakılıq, qadına şiddət də istisna deyil. Nikah yaşına çatanda! Kim bilir bəlkə heç çatmamış…

Ailə başçıları deyir ki, nişanlanmaq 12 yaşında qızın öz qərarıdır, heç bir təzyiq yoxdur. Aidiyyəti qurumların nümayəndələri ailələrlə görüşüb söhbət aparıblar, qanun izah edilib, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasiminin keçirilməyəcəyinə dair yazılı izahat alınıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, sözügedən ailə Komitənin, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılacaq.

Demokrat.az-a açıqlamasında hadisəyə münasibət bildirən “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin fikrincə ailə kiçik dövlətdir, onu quran tərəflər ailənin məsuliyyətini dərk etməlidirlər:

Azyaşlı qızını ailə qurmaq məqsədi ilə nişanlayan valideynlər mütləq məsuliyyətə cəlb olunmalıdırlar — AÇIQLAMA

“O ailə xoşbəxtdir ki, orada tərəflərdən biri kar, digəri laldır. Bunu dərk etməyən insanların ailə qurması həmin ailənin tezliklə dağılmağına gətirib çıxaracaq. Azyaşlı qızını ailə qurmaq məqsədilə nişanlayan valideynlər mütləq məsuliyyətə cəlb olunmalıdırlar. Hələ yetkinlik yaşına çatmamış, heç bir əməlin subyekti olmayan insan müəyyən müddətdən sonra dünyaya uşaq gətirir. Uşağın uşaq dünyaya gətirməsi və həmin körpəni cəmiyyətə, dövlətə fayda verəcək şəxs kimi böyüdə biləcəyi sual altına düşür. Ailə Məcəlləsində sağlam ailənin formalaşması, məişət zorakılığının qarşısının alınması üçün heç bir müddəa yoxdur.

Konstitusiyamıza əsasən ailə cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsindədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailədəki zorakılıq hallarının, boşanmaların səbəblərini öyrənməlidir. Bu səbəblərin aradan qaldırılması istiqamətində müvafiq təkliflər hazırlanmalı və Nazirlər Kabinetinə təqdim olunmalıdır. Hər bir qurum öz funksiyasından irəli gələn məsələləri həll etməlidir, məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ailə üzvlərinin məşğulluğunu təmin etməlidir. Aliment Fondu olmalıdır. İki uşağı ilə boşanan qadının aliment ala bilməsi illərlə vaxt alır, qarşı tərəf aliment ödəməkdən yayınır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova