Milli Məclisin deputatı Əli Məsimli parlamentin bugünkü plenar iclasında quraqlığın təbii fəlakət hadisələri sırasına daxil olunmasını təklif edib. Oun sözlərinnə görə Azərbaycan üçün aktual məsələlər içərisində su ehtiyatlarından səmərəli istifadə etmək, eləcə də ərzaq təhlükəsizliyinin etibarlılığının artırılması üçün suvarma sisteminin yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir. Deputat vurğulayıb ki, quraqlıq məsələsi də əsas problemlərdəndir: “Quraqlıq başqa təbii fəlakətlərlə müqayisədə daha böyük ziyan vurur. Nəticədə elə hallar olur ki, sahibkarlar nəinki təsərrüfatdan gəlir götürmür, hətta investisiyalarını belə itirirlər. Hətta müflis olmaq təhlükəsi qarşısında qalırlar. Təklif edirik ki, sel və digər təbii fəlakət hadisələri kimi quraqlıq da bu siyahıya daxil edilsin. Bu səbəbdən qanunvericilikdə bu istiqamətdə müəyyən dəyişikliyin edilməsinə ehtiyac var”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də Demokrat.az-a açıqlamasında sözügedən təklifi dəstəkləyib. O qeyd edib ki, quraqlığın kənd təsərrüfatında ciddi problemlər doğurması bu günün reallığıdır:
“Bu, iqlim dəyişikliyi ilə əlaqədar olsa da su qıtlığının yaranması, bir çox hallarda başqa ölkələrdən su təchizatında yaranan çətinliklər, eləcə də suyun verilməsinin müəyyən qayda ilə planlaşdırılmaması aqrar sektora ciddi ziyan vurur. Ancaq quraqlığın vurduğu ziyan dəqiq müəyyənləşdirilməlidir, çünki tək səbəb bu deyil. Burada sahibkar özü də səhlənkarlığa yol vermiş ola bilər. Ola bilər ki, sahibkar suvarma işini gecikdirib və ya prosesi normal qaydada aparmayıb, vaxt bölgüsünə əməl etməyib. Burada bir çox amillər var ki, mütləq araşdırılmalı və səbəblər aydınlaşdırılmalıdır. Elə şəxslər var ki, təsərrüfata sahibdir, amma çətin vaxtlarda işə laqeyd münasibət göstərir və nəticədə ziyana uğrayır.
Bu təklif suvarılan torpaqlarla yanaşı, daha çox dəmyə torpaqlarına aiddir, çünki həmin əraziləri suvarmaq mümkün deyil. Sadalan amillər mütləq əsaslandırılmalı və ehtiyac yaranarsa, sahibkarlar müəyyən qaydada sığortalanmalıdırlar. Bununla əlaqədar qanunvericilikdə də müəyyən dəyişikliklərin ediməsi zərurətə çevriləcək”.
Törə Zeynallı Demokrat.az


