Gündəm Özəl

"Yaxın gələcəkdə Azərbaycanın su ehtiyatları 15-20 faizədək azalacaq" — XƏBƏRDARLIQ

Yaxın gələcəkdə Azərbaycanın su ehtiyatları 15-20 faizədək azalacaq — XƏBƏRDARLIQ

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən icra olunan Azərbaycan Sürətli Texniki Yardım Fondu (AZTAF) proqramı çərçivəsində ölkəmizə 5,25 mln. avro ayrılıb. Azərbaycanda su təhlükəsizliyinin yaxşılaşdırılmasına dəstək məqsədi ilə proqrama su sektoru təsisatlarının gücləndirilməsinə dair tövsiyələr, kənd yerlərində dayanıqlı içməli su təchizatı və tullantı sularının idarəsi modelinin hazırlanması, su anbarlarının xəritələşdirilməsi və su ehtiyatlarının dayanıqlı idarə edilməsi ilə bağlı məlumatlandırma daxildir.

Hidroloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında Azərbaycanın su təhlükəsizliyini təhdid edən amillərdən danışıb. O deyib ki, bunlardan birincisi transsərhəd su götürmələridir:

“Azərbaycan aşağı axın ölkəsidir, respublikaya axan Kür və Araz çayları digər ölkələrin ərazisində formalaşır. Bu ölkələrin ərazisindən axan çaylar çirklənməyə və çox miqdarda su götürmələrinə məruz qalır. Buna görə də transsərhəd suların həcmi azalmağa doğru gedir. Əgər 1993-cü ildə ölkəyə hər gün 23 milyard kub metr su axırdısa, bu gün bu rəqəm 10-12 milyard kubmetrdir”.

Ekspert deyib ki, bunun qarşısını almaq üçün yuxarı axın ölkələri - Türkiyə, Gürcüstan və İranla su təchizatı sahəsində sıx əməkdaşlıq etmək lazımdır:

Yaxın gələcəkdə Azərbaycanın su ehtiyatları 15-20 faizədək azalacaq — XƏBƏRDARLIQ

“Azərbaycan transsərhəd çayların idarə olunması ilə bağlı beynəlxalq sazişə qoşulub, lakin qonşu ölkələrin heç biri bu sənədi imzalamayıb. Kür və Araz çayları üzərində xüsusi komissiyalar yaradılmalıdır və digər ölkələrin də nümayəndələrinin iştirakı ilə razılaşmalar əldə olunmalıdır.

R.Abbasov bildirib ki, su təhlükəsizliyini təhdid edən ikinci ən böyük amil iqlim dəyişmələrinin su ehtiyatlarına təsiridir:

“Ölkəmizə dair proqnozlar heç də ürəkaçan deyil. Yaxın 15-20 il ərzində su ehtiyatlarının 15-20 faizədək azalacağı gözlənilir. Azərbaycanda İqlim Dəyişmələrinə Milli Adaptasiya Strategiyası hazırlanır. Bu çərçivədə su ehtiyatlarına təsir edən amillər diqqətlə araşdırılmalıdır. Dayanıqlı su infrastrukturunun yaradılması istiqamətində plan və proqramlar işlənməlidir”.

Ekspert ölkədə su itkilərinin azaldılmasının vacibliyini qeyd edib:

“Bəzi hallarda suvarma zamanı və ya su mənbəyindən tarlaya qədər suyun 50 faizi yollarda itir. Bunun qarşısını ala bilsək, kifayət qədər suyumuz olar. Su itkilərinin azaldılması üçün torpaq kanallarının və paylayıcı kanalların betonlaşdırılması lazımdır. Ehtiyac olan yerlərdə boru şəbəkələrinə keçid etmək lazımdır. Suvarma zamanı müasir üsullardan – damcı-çiləmə texnologiyalarına keçilməlidir.

Su istifadəçiləri arasında əlaqələndirməni və inteqrasiyanı gücləndirməliyik. Tullantı sularından, istifadə olunmuş sulardan yenidən istifadə təşviq edilməli və bu yöndə ciddi işlər aparılmalı, işləmə mexanimzi düşünülməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova