Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər qəbul olunub. Buna əsasən uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında qərarı müsbət dəyərləndirib:

“Təəccüblüdür ki, bu vaxta qədər cinsi istismara görə məhkum olunmuş şəxslərin müəllim kimi fəaliyyət göstərməsi niyə qadağan edilməyib. Məktəblərdə uşaqların özlərini güvəndə hiss etmələri, təhlükəsiz mühitdə olduqlarından əmin olmaları üçün bu qərar əhəmiyyətlidir. Xüsusilə də uşaqlara qarşı qeyri-etik hərəkətlər edən insanların cəmiyyətdə stiqma ilə üzləşməsi bu niyyətdə olan insanları çəkindirəcək, onlar fikirlərindən yayınacaqlar. İctimai qınaq vacibdir. Uşaqları cinsi istismar edən insanlardan hər şey gözləmək olar. Nəinki təhsil, digər sahələrdə də bu cür insanların fəaliyyətini məhdudlaşdırmaq lazımdır. Hər kəsin işləmək, özünü təmin etmək hüququ var, amma fikrimcə bu qəbildən olan insanlar cəmiyyət üçün potensial təhlükədir. Eyni əməli bir dəfə törədən şəxs ikinci dəfə də buna cəhd göstərəcək, çünki xisləti budur. Bu cür insanların əməllərinə qarşı uşaqları da məlumatlandırmaq lazımdır, onlar təhlükənin fərqində olmalıdırlar. Uşaqların cinsi istismar edilməsinə görə cəzalar ağırlaşdırılmalıdır”.
Törə Zeynallı Demokrat.az


