Gündəm Özəl

İlahiyyatçı: “Ziyarətgahlarda toplanan ianələr xaricdəki din xadimlərinə göndərilirdi”

İlahiyyatçı: “Ziyarətgahlarda toplanan ianələr xaricdəki din xadimlərinə göndərilirdi”

"Ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydalar üzərində ekspertlər tərəfindən görülən işlər davam etdirilir. Bununla bağlı müxtəlif ölkələrin təcrübələri öyrənilir. İanələr haqqında qaydalar qüvvəyə mindikdən sonra cəmiyyətə məlumat veriləcək”.

Demokrat.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O həmçinin bildirib ki, ianələrin verilməsində elektron yeniliklərin tətbiqi onun xərclənməsində şəffaflığın təmin edilməsi ilə bağlıdır: "Nəzərdə tutulur ki, ianə toplandıqdan və həmin ziyarətgah öz xərclərini çıxdıqdan sonra toplanmış ianələr internet üzərindən açıq şəkildə göstərilsin. Daha sonra ayrı-ayrı icmaların bu ianələri hansı istiqamətdə xərclənməsinin şəffaflığı təmin edilsin. Bu da qanundan irəli gəlir. Hazırlanmaqda olan xüsusi qaydaların isə Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra tətbiqi də öz həllini tapacaq".

İlahiyyatçı Tural İrfan Demokrat.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, indiyədək ziyarətgahlarda toplanan ianələrdən şəffaflıqla istifadə olunmurdu:

İlahiyyatçı: “Ziyarətgahlarda toplanan ianələr xaricdəki din xadimlərinə göndərilirdi”

“Nəzirlərin məbləği, hara xərclənməsi qaranlıq idi. Bəzi ziyarətgahlarda müəyyən şəxslər bu pulları öz şəxsi mənfəətlərinə sərf edirdi. Toplanan məbləğin müəyyən qədəri görüntü xatirinə ziyarətgahın tikinti - bərpasına, imkansız şəxslərə kömək üçün sərf olunsa da qalan hissəsi mütəmadi şəkildə qeyri-şəffaf formada yeyilirdi. Ancaq indi bunun nizama salınması prosesi gedir. Belə götürəndə o ziyarətgahlar da xalqın sərvətidir, şəxsi adamların deyil. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı bu qaydalarla sözügedən məsələnin şəffaflığa çıxacağına inanıram. Ancaq bu Komitə də gecikib. İndiyəcən hara baxırdılar? Həmin pullardan bəlkə də xaricdəki din xadimlərinə xüms-zəkat da göndərilib. Bəlkə də ölkədə zərərli dini təbliğatın aparılmasına da xərclənib. Nəzarətsiz buraxıblar. Bəlkə də buna səlahiyyətləri olmayıb, onu deyə bilmərəm. Ancaq aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq olardı. Heç olmasa bundan sonra bu məsələyə ciddi yanaşmaq lazımdır. Əhali bilməlidir ki, aparıb verdiyi nəzirlər hara xərclənir, kimin cibinə gedir. Yeni qaydalar o zaman şəffaflıq yaradacaq ki, əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi buna ciddi nəzarət edəcək, özbaşına buraxmayacaq. Bu məsələdə indiyəcən ziyarətgahlarda müəyyən qruplar, şəxslər öz nəzir monopoliyasını qurublar, özlərinə gəlir mənbəyi düzəldiblər. Hərəsini də himayə edən məmurlar var yəqin ki. İndi bu piramidanı dağıtmaq o qədər də asan olmayacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova