Gündəm Özəl

"Azərbaycanda yaşıl xəstəxanaların yaradılması yaxşı olardı" — AÇIQLAMA

Azərbaycanda yaşıl xəstəxanaların yaradılması yaxşı olardı — AÇIQLAMA

Millət vəkili Soltan Məmmədov Milli Məclisdə "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib ki, tibbi tullantıların idarə edilməsi istiqamətində fəaliyyət planı hazırlanır. Onun sözlərinə görə bu il UNİCEF tərəfindən 7 rayonda tibbi tullantılarla bağlı monitorinq aparılıb:

“Bu layihə Səhiyyə Nazirliyi tərəfindən daha geniş müzakirə edilir. Bu sahədə qurumlararası kommunikasiya mexanizminin təkmilləşdirilməsinə, monitorinq və yoxlamanın gücləndirilməsinə ehtiyac var. Sahibkarlara bu sahəyə investisiya qoymalarını təşviq etmək üçün müxtəlif imtiyazlar verilməlidir. Tibbi tullantıların idarə olunması istiqamətində Səhiyyə Nazirliyi tərəfindən müvafiq təkliflər hazırlanıb və aidiyyəti qurumlara təqdim edilib. Hazırda dünyada geniş yayılan yaşıl xəstəxana modelinin tətbiqi nəzərdə tutulur. Bu yanaşma gün-gündən daha da aktuallaşır. COP29-un Azərbaycanda keçirilməsi çərçivəsində yaşıl xəstəxanalar məsələsinin də müzakirə edilməsi daha yaxşı olar”.

Professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, bütün dünyada ekoloji problemlərin aradan qaldırılması əsas strategiyadır:

“Bütün istiqamətlərdə bu tendensiya hiss olunur. Yaşıl xəstəxana da bu modellərdən biridir. İlk yaşıl xəstəxana İtaliyanın Venesiya şəhərində tikilib, buna “Mələk xəstəxanası” adı verilib. Xəstəxana arxitektutasına görə oradakı bitkilərin, flora aləminin simbiozunu təşkil edir. Xəstəxananın daxilində və xaricində bitkilər əkilib. Bu həm oksigen təminatına, həm səs-küyün udulmasına, həm də estetik gözəlliyə xidmət edir. Bu cür ekoloji təmiz səhiyyə ocağı əlbəttə göz oxşayır. Azərbaycanda da yaşıl xəstəxanaların yaradılması yaxşı olardı. Bu təcrübədən tədricən istifadə etmək lazımdır. Xalq təbabəti ilə müalicə edən xəstəxanaların bu şəkildə olması daha məqsədəuyğundur”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova