Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin də iştirak etdiyi Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib ki, gələn il Rusiya hərbi kontingentinin qarşısında Qarabağda sülhün və sabitliyin qorunması vəzifəsi dayanır. O qeyd edib ki, Rusiya sülhməramlı qoşunları Qarabağda sülhün əsası və qarantı olmağa davam edir.
Politoloq Zərdüşt Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamədə Rusiya Sülhməramlı Kontingentinin Qarabağda qalma müddəti dəqiq göstərilib:
“Tərəflərdən biri bu müddətin uzadılmasını istəməsə, müddətin bitməsinə 6 ay qalmış bildirməlidir, əks halda sülhməramlıların fəaliyyəti avtomatik bir il də uzadılacaq. Rusların Qarabağda sülhü qorumasına ehtiyac yoxdur, amma Azərbaycanın da Rusiya ilə münasibətlərini korlamasına əsas yoxdur. Kontingent 2000-ə yaxın heyətdən ibarət idi, artıq onların üçdə iki hissəsi Qarabağı tərk edib, qalanları isə Xankəndinin ətrafında yerləşib. Ermənilərin qoyub getdiyi texnikanı da özləri ilə aparıblar. Sülhməramlıların 2025-ci ilin noyabrına qədər Qarabağda qalması ilə Azərbaycan nəsə itirmir. Rusların bütün addımları Azərbaycan tərəfindən izlənilir.
Rusiya ilə münasibətləri korlamaq lazım deyil. Unutmamalıyıq ki, Ermənistanın havadarları çoxdur. Sabah BMT TŞ-da Azərbaycana qarşı hər hansı qətnamə qəbul edilsə də, Rusiya bölgəyə başqa qüvvələri buraxmayacaq. Bizə də bu lazımdır”.
Törə Zeynallı Demokrat.az


