Rusiya hökuməti bərk buğda növlərinin ixracına müvəqqəti qadağa tətbiq edib. Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına əsasən müvəqqəti məhdudiyyət hökumətin sərəncamı dərc edildiyi andan qüvvəyə minir və 31 may 2024-cü il tarixinədək qüvvədə olacaq.
“Rusiya ölkədən bərk buğdanın ixracına müvəqqəti məhdudiyyət tətbiq edir. Bu barədə sərəncam imzalanıb. Qərar ərzaq təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və daxili bazarda bərk buğda məhsullarının qiymətləri ilə bağlı vəziyyəti sabit saxlamağa kömək edəcək”, - məlumatda bildirilir.
İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında Rusiyanın tətbiq etdiyi qadağanın Azərbaycanda çörəyin qiymətinə təsir edib-etməyəcəyinə aydınlıq gətirib: 
“Azərbaycan hökuməti ərzaq təhlükəsizliyini xüsusən də insanların una və çörəyə olan tələbatını ölkənin milli təhlükəsizliyi məsələsində vacib hesab edir. Öncədən ölkəyə idxal olunan buğdanın həcminə baxanda deyə bilərik ki, hər hansı bir ciddi risk yoxdur. Belə ki bu ilin 9 ayı ərazində ölkəyə 800 min tondan artıq buğda idxal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 faiz artıqdır. İdxal olunmuş buğdanın qiymətində də enmələr var. Belə ki təkcə sentyabr ayında idxal olunmuş buğdanın qiyməti ötən ilin eyni ayı ilə müqayisədə 32 faiz azdır. İdxalın həcmi və qiymətləri nəzərə alsaq, Rusiyanın tətbiq etdiyi müvəqqəti qadağanın Azərbaycan üçün ciddi risk yaratmayacağını deyə bilərik. Bu məsələdə hökumət öncədən lazımı tədbirləri görüb”.
Qeyd edək ki, yalnız bərk buğda növlərinin Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrə - Ermənistan, Belarus, Qırğızıstan və Qazaxıstana ixracına Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən icazələr əsasında hökumətin qərarı ilə müəyyən edilmiş kvotalar çərçivəsində icazə verilir.
Törə Zeynallı Demokrat.az


