Azərbaycanda dini təhsil inkişaf edir. Dövlətin bu istiqamətdə gördüyü işlər həm savadlı yerli dini kadrların hazırlanması prosesinə töhfə verir, həm də dini radikalizmin, ekstremizmin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” Sərəncamı ilə bu sahədə yeni səhifə açılmış oldu. Sərəncama əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. İnstitutun yaradılmasında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi baza rolunu oynayıb. Fakültə 1992-1993-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Dəyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunub və 2017-ci ilə kimi Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərib. Müstəqil ali təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunun yaradılması cəmiyyətdə dinə olan marağı, savadlı mütəxəssislərin yetişdirilməsini və ilahiyyat elminin inkişafını təmin etdi. Təhsil ocağı iki ixtisas üzrə 60 tələbə qəbul edir.

Görülən işlərin məntiqi davamı olaraq Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb. Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bu Qərarın bəndlərində irəli gələn məsələləri həll etmək tapşırılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollecin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Qərardan irəli gələn digər məsələləri həll etməlidir. Kollecin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi isə Maliyyə Nazirliyinə həvalə edilib. İqtisadiyyat Nazirliyi dövlət qeydiyyatına alındığı gündən Kollecin inzibati bina ilə təmin edilməsi məsələsinin həlli barədə təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, Bakı İlahiyyat Kolleci hər il ən çox 20 tələbə qəbul edəcək. Onun sözlərinə görə hazırda dini təhsil almaq Azərbaycanda bütün imkanlar yaradılıb: "Ölkəmizdə kifayət qədər mükəmməl ali və orta dini təhsil verən təhsil ocağı var. İlahiyyat İnstitutunda təhsil dövlət hesabınadır və məqsəd ölkədə din sahəsində kadr hazırlığının həyata keçirilməsidir". Dini təhsilin inkişafı xalqımızın din sahəsində yüksək ixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək, ilahiyyat sahəsindəki problemləri araşdıran beynəlxalq standartlı tədqiqatlar aparmaq və nəşr etmək, İslam və digər dünya dinləri haqqında dərin biliyə yiyələnən, tərəfsiz və bütün konfessiyalara qarşı dözümlülüklə yanaşan din xadimləri yetişdirmək məqsədi daşıyır, milli, dini və əxlaqi dəyərləri qorumaqla xalqın milli və mədəni inkişafına töhfə verir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda dini təhsilin ənənələrinin gücləndirilməsi üçün vacib addımlar atılır:

“İlahiyyat İnstitutu ilə bərabər ölkədə bir kollecin fəaliyyət göstərməsinə də ehtiyac var idi. İlahiyyat İnstitutuna daxil olan gənclərin əksəriyyətinin baza biliyi olmadığına görə onlar təhsillərini davam etdirməkdə çətinlik çəkirdilər. Riyaziyyat, tarix, biologiya kimi fənlər orta məktəblərdə keçirilir, amma ilahiyyat yeni bir sahə olduğuna görə gənclər ilkin anlayışlara sahib deyildirlə. İlk dəfə olaraq institutda ali təhsilə başlamaq tədrisini keyfiyyətinə də mənfi təsir göstərirdi. Artıq ən azından 20 gənc müəyyən dini biliklər əldə edərək instituta daxil ola biləcək. Gələcəkdə qəbul sayı artırıla bilər. Kolleci bitirən məzunlar gələcəkd din xadimi kimi fəaliyyət göstərə biləcəklər. Bu gün Azərbaycanda 2250-dən artıq məscid var və orada imam, imam müavini kimi müxtəlif vəzifələr var. Bu, kadr ehtiyacının ödənməsinə də müsbət təsir göstərəcək. Ümumilikdə ölkəmizdə dövlət-din münasibətlərinin düzgün mənimsənməsinə, ilahiyyat elmlərinin inkişafına, bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsinə, milli təhsil sisteminin yaradılmasına, milli kadrların hazırlanmasına da yeni kollec töhfə vermiş olacaq.
Kollecə qəbul ənənəvi formada aparılacaq. Dövlət İmtahan Mərkəzinin xətti ilə yalnız test vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub. Hesab edirəm ki, ən doğrusu da budur. Qəbul orta məktəbin 9-cu sinfindən də aparıla bilər. Bu gün İlahiyyat İnstitutunda kifayət qədər savadlı müəllimlər dərs deyir. Dini fənlərlə yanaşı bütün kolleclərdə olduğu kimi burada qeyri-dini fənlər də tədris ediləcək. Bu gün İlahiyyat İnstitutunun tələbələri arasında magistratura və doktorantura pillələrində təhsilini davam etdirənlər var. Düşünürəm ki, kollecdə dərs deyəcək müəllimlərlə bağlı məsələ öz daxili imkanlarımız hesabına həll edilməlidir. Hamıya şamil olmasa da bir sıra hallarda xaricdə dini təhsil alanların zərərli təsirlərə qapıldığını görürük. Ona görə də dövlət bu məsələyə həssas yanaşır. Milli ruhda, dövlətçilik ənənələrinə bağlı şəxslərin müəllim kimi işləməsi məqsədəuyğundur. Kadr məsələsi baxımından hər hansı problemimiz olmayacaq”.
İlahiyyatçı Tural İrfan da Bakı İlahiyyat Kollecinin yaradılmasının əhəmiyyətindən danışıb:

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi mövzusunda yayımlanır.
Törə Zeynallı Demokrat.az


