ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Türkiyənin Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllindəki rolunu müsbət qiymətləndirib. Türkiyə xarici işlər naziri Hakan Fidanın Bakıya səfərinə münasibət bildirən ABŞ rəsmisi deyib ki, ölkəsi iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir: “Bu mövzu ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyə XİN rəhbəri Hakan Fidan arasında hər zaman müzakirə olunur. Azərbaycan və Ermənistan arasında sülh Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da müsbət təsir göstərəcək”.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin açıqlamasına münasibət bildirən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanla münasibətlərini qaydasına salmaq üçün Ermənistana çağırış edir. O, Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistanın Türkiyə ilə münasibətləri də Azərbaycanla normallaşma prosesindən asılıdır:
“Uzun müddətdir ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər qurulmur, baxmayaraq ki iqtisadi əlaqələr davam edir. Qarabağ münaqişəsi başa çatıb, delimitasiya məsələsinin həllindən və sülh müqaviləsinin imzalanmasından sonra Türkiyə Ermənistanla diplomatik əlaqələrini bərpa edə bilər. Buna görə də Hakan Fidan növbəti dəfə yenidən Ermənistana çağırış edib. Proseslərin necə davam edəcəyi sırf Ermənistanın özündən asılıdır. O, bugünkü gündə uzaq Qərbdə və okeanın o tayındakı havadarları ilə deyil, qonşuları – Rusiya, Azərbaycan, Türkiyə ilə münasibətlərini bir daha nəzərdən keçirməlidir. Bu həm Ermənistan dövlətinin, həm də xalqının gələcək taleyini müəyyən edən amildir”.
Ekspert əlavə edib ki, ABŞ-ə gəldikdə isə onun bugünkü gündə bu məsələni dəstəkləyib-dəstəkləməməsinin heç bir önəmi yoxdur:
“ABŞ Azərbaycandan daha çox Ermənistanla yaxınlıq edir və bundan sonrakı addımlarında da onu dəstəkləyəcəyini gizlətmir. ABŞ bir daha gördü ki, Azərbaycanın siyasətinə qarşı çıxdığı halda onu hansı cavab tədbirləri gözləyir. Türkiyənin də Azərbaycan-Ermənistan münasibətlərində rolunu qabardaraq yenə İrəvana dəstək verir. ABŞ və Qərb Ermənistanı təsir dairəsində saxlamaq üçün əlindən gələni edir, bu da Cənubi Qafqaza müdaxilə üçün növbəti addımdır”.
Törə Zeynallı Demokrat.az


