2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusunda elektron imtahanların keçirilməsi nəzərdə tutulur.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. Onun sözlərinə görə növbəti mərhələdə ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşdırılmasından sonra iştirakçı sayı 2000-dək olan imtahanların bu məktəblərdə onlayn şəkildə həyata keçirilməsi nəzərdə tutulur: “Daha kütləvi imtahanların bu formatda keçirilməsi bir qədər çox vaxt tələb edir ki, bu da bizdən asılı olmayan səbəblərlə bağlıdır. Bu layihənin Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılır”, - deyə Məleykə Abbaszadə qeyd edib.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında elektron imtahan modelinin üstünlüklərindən danışıb:

“İmtahanların elektron qaydada keçirilməsi dünya təcrübəsində də var. Bəzi inkişaf etmiş ölkələrdə bu praktikadan istifadə olunur. Azərbaycanda da bunun tətbiq edilməsilə imtahanlar istiqaməti üzrə tez keçiriləcək və imtahan nəticələri daha erkən elan olunacaq. Bu qayda hazırda, əsasən, kütləviliyi az olan imtahanlar üçün nəzərdə tutulur. Hələ ki təxminən 2000 nəfərə qədər iştirakçı sayı olan imtahanlarda keçərli olacaq. İmtahanların elektron qaydada keçirilməsi həm də qiymətləndirmə baxımından obyektivliyi təmin edəcək, çünki burada kənar müdaxilələrdən söhbət gedə bilməz. Kağız daşıyıcılarla imtahan verən namizədlər bəzən köçürmə hallarına yol verirlər, bunun da qarşısı alınacaq”.
Törə Zeynallı Demokrat.az


