“Zamanla ATƏT-in hansısa imperialist qüvvələrin, xüsusilə Qərbdəkilərin iştirak meydanına çevrildiyini gördük. Qərb digər ölkələri sıxışdırmaq üçün taktiki gedişlər edir. Uzun illər ərzində BMT-nin Baş katibi Qarabağ məsələsində mandatı ATƏT-ə həvalə etdi, ATƏT də münaqişənin həlli üçün Minsk Qrupunu yaratdı. Minsk Qrupunun necə fəaliyyət göstərdiyi hamıya məlumdur, heç bir diplomatik uğura imza atmadı. ATƏT çərçivəsində qruplaşmalar var, onlar özünəməxsus tərzdə siyasət aparır ki, bəzi dövlətlərin və xalqların haqqını tapdasın, onlara təzyiq göstərsin. Azərbaycanı da vadar edirdilər ki, torpaqlarının işğal altında olması ilə razılaşsın”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-lə bağlı tənqidi çıxışına münasibət bildirən ekspert bunun həqiqətləri əks etdirdiyini deyib:
“Amma unutmayaq ki, Minks Qrupunda elə Rusiya özü də təmsil olunurdu. Sovet İmperiyası səhnədən getdikdən sonra Rusiya demək olar ki, öz səlahiyyətlərini və imkanlarını Qərbə qurban verdi. Həm də bunu bilərəkdən Rusiyanın liberalları etdilər. Hakimiyyət dəyişikliyindən sonra Vladimir Putinin gəlişi də prosesdə dönüş yarada bilmədi. Yəqin ki, onun ətrafında təsir gücünə malik liberallar var və onlar Kremli müstəqil sağlam siyasət yürütməyə qoymurdular. Qazaxıstan bu məsələdə özünəməxsus prinsipiallıq nümayiş etdirir, təkliflər irəli sürür. Rusiya Qazaxıstanın təklifləri ilə razılaşırsa, vacib dəyişikliklər gözlənilə bilər. Azərbaycanında bu proseslərdə iştirakı vacibdir”.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasındakı çıxışında bildirib ki, ATƏT bütün funksiyalarını yerinə yetirməyi dayandırıb və təhlükəsizlik strukturu kimi Rusiya üçün heç bir əlavə dəyər ifadə etmir. Onun sözlərinə görə Avrasiya qitəsinin qalan hissəsinin təhlükəsizliyini təmin etmək üçün yeni bir regional təşkilat yaranmalıdır.
Törə Zeynallı Demokrat.az


