Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci Sessiyasında çıxışı zamanı iqlim dəyişikliyi mövzusuna toxunub və bu sahədə Azərbaycanın gördüyü işlərdən danışıb. O deyib ki, Azərbaycan qlobal səylərə töhfə verməyə tam sadiqdir və iqlimə təsirlərin azaldılması istiqamətində fəal iştirak edir: “Bu fəaliyyətlər iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanır. "Yaşıl enerji" zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər "Karbon Neytral" zonasına çevirmək əzmindəyik", - nazir vurğulayıb.
Ekoloq alim Ənvər Əliyev Demokrat.az-a açıqlamasında “Karbon Neytral” zona anlayışı barədə ümumi məlumat verib:
“2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Çərçivə Konvensiyasına əsasən Paris Sazişi imzalandı. Azərbaycan 2016-cı ildə bu sazişi təsdiqlədi. Dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri qlobal sənaye və iqtisadiyyatda ciddi irəliləyişlər əldə edir. Bu sahələrdə hegemonluq Avropa və ABŞ-dən Çin, Yaponiya, Hindistan, Sinqapur kimi ölkələrə keçir. Paris Sazişinin imzalanmasında əsas məqsəd 2050-ci ilə qədər qlobal iqlim temperaturu artımını 2 faizdən aşağı səviyyədə saxlamaqdır və bu rəqəmin 1,5 faizə enməsi üçün səy göstərilir. Atmosferə buraxılan karbon dioksidləri temperaturu artırır, nəticədə iqlim dəyişikliyinə səbəb olur. Temperatur artdıqca atmosferdə karbon dioksidin miqdarı artır, yəni bunlar düz mütənasibdir”.

Onun sözlərinə görə, müasir elm sübut edir ki, iqlim dəyişikliyinin, temperaturun yüksəlməsinin qarşısını almaq üçün karbon emisiyalarını müəyyənləşdirmək lazımdır:
“2050-ci ilə qədər karbon emisiyalarını azaltmaq başlıca hədəfdir, bunlar, əsasən, qeyri-ərzaq emisiyalarıdır. Heyvandarlıq, ağaclardan havaya buraxılan karbon qazı, gübrələrin istehsalında azotun artımı karbon emisiyalarının qaynağıdır.
Coğrafi mühitin komponentlərindən, resurslardan elə istifadə etmək lazımdır ki, karbon emisiyaları az işlənsin. Qeyri-ərzaq sahələrindən olan sənaye və nəqliyyatda innovativ yanaşmalar tətbiq edilməlidir ki, atmosferə daha az karbon qazı buraxılsın. Bu məqsədlə zovadların təmiz işləməsi üçün filterlər qoyulmalı, elektrik avtomobillərinin istehsalı və istifadəsi artırılmalıdır”.
Ekspert qeyd edib ki, Azərbaycanda əhalinin artımı prosesi gedir:
“Bundan başqa ölkədə 1,8 milyon avtomobil var, bunların 90 faizdən çoxu benzinlə işləyir, atmosferə külli-miqdarda karbon, kükürd, azot xaric edir. Ölkədə təxminən 1,2 milyon hektar əkinə, heyvandarlığa yararlı torpaq sahəsi var. Laçın və Kəlbəcər rayonlarının ərazisi yan otlaqlar kimi istifadə oluna bilər. Vaxtilə Laçın rayonu qoyunçuluğun ən çox inkişaf etdiyi rayon olub, 180 min xırdabuynuzlu heyvan olub orada. Heyvandarlıq mütləq inkişaf etdirilməlidir. Meşələrin bərpasında da müəyyən problemlər var, bu sahəyə az diqqət yetirilir. Tarixən meşə zonasında hansı ağac növləri olubsa, onları yenidən əkmək, çoxaltmaq lazımdır, çünki bunun əksi torpaqda dəyişikliklərə səbəb olar. Yamacların hamısı terrasa çevrilməlidir ki, çoxlu miqdarda rütubət toplansın, suvarmadan az istifadə olunsun. Badam, püstə, innab istehsalı artırılmalıdır, bunlar quraqlığa davamlı bitkilərdir. Bazarın tələbinə uyğun iş aparılmalıdır. “Karbon neytral” zona artıq tələbi ödəmir. Azərbaycan adambaşına düşən torpaq sahəsinə görə geridə qalmış ölkələrdəndir, bu rəqəm 0,12 hektardır. Biz həm əhalini ərzaqla təmin etməliyik, həm də inşa ediləcək sənaye müəssisələrini müasir qurğularla təchiz etməliyik ki, atmosferə daha az zərərli qazlar buraxılsın”.
Törə Zeynallı Demokrat.az


