Sosial Özəl

Ulu öndər Heydər Əliyev: “Həkimlik peşəsi müqəddəs bir peşədir”

Ulu öndər Heydər Əliyev: “Həkimlik peşəsi müqəddəs bir peşədir”

Məqaləni yazmağa başlayanda bu yaxınlarda jurnalist həmkarlarımla etdiyimiz söhbət yadıma düşdü. Anası həmin günlərdə əməliyyat olunmalı idi, dövlət xəstəxanalarından birinə müraciət etmişdilər. Riskli əməliyyat idi. Maraqlandım, “nə əcəb, özəl klinikada əməliyyat etdirmirsiniz?”, soruşdum. Eşitdiyim cavab məni sevindirdi desəm, yalan olmaz: “Həmin xəstəxanada savadlı həkimlərimiz çalışır, həm də müəssisə bütün lazımi avadanlıqlarla təchiz olunub, tibbi personal da xəstələrə qarşı çox nəzakətlidir. Əməliyyat da icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxildir”. Bəli, ölkədə səhiyyə sahəsində görülən işlər, islahatlar nəticəsini verir, xidmətdə keyfiyyət, vətəndaş məmnunluğu artır. Bu isə bir günə, bir aya, bir ilə baş verməyib. Azərbaycan səhiyyəsi indiki inkişaf səviyyəsinə çatmaq üçün uzun yol qət edib və bu yol uğurla davam etməkdədir.

“Tibb, səhiyyə hər bir insan üçün çox vacib olan sahədir”

Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması olub. İxtisasca cərrah olan Xudadat bəy Rəfibəylinin adı ölkənin səhiyyə tarixinə ilk nazir olaraq yazılıb. Nazirliyin göstərişi ilə əhali dövlət hesabına pulsuz tibbi xidmətdən yararlanıb, yeni xəstəxanalar, tibb məntəqələri açılıb, dərman anbarları, laboratoriyalar tikilib, lazımı avadanlıqlar alınıb. Lakin Azərbaycan səhiyyəsinin inkişaf mərhələsinə qədəm qoyması məhz ulu öndər Heydər Əliyevin adıyla bağlıdır. Azərbaycana rəhbərlik etməyə başlayan ulu öndər bütün digər sahələrlə paralel ölkə səhiyyəsinin inkişafına da xüsusi diqqət ayırdı. “Dünya təcrübəsi, tarix əsrlər boyu göstərmişdir ki, mənəvi və fiziki sağlamlıq xalqın ümumi sağlamlığı, ümumi saflığı, millətin bu günü və gələcəyidir”, deyən ümummili liderin bu istiqamətdə gördüyü işlər səhiyyəmizin bugünkü inkişafının təməlini təşkil edir. Möhkəm bünövrə üzərində qurulan təməl! Ulu öndər səhiyyəni cəmiyyətin müqəddəs sahələrindən biri olaraq görürdü. Elə bir müqəddəs sahə ki, insanların sağlamlığı, xalqın, dövlətin gələcəyi onun inkişafından asılı idi, buna həm də milli təhlükəsizlik məsələsi kimi yanaşa bilərik. Hər bir sahənin inkişafı üçün əməli addımlar şərtdir, bu da özünü qəbul edilən qanunlarda göstərir. 1969–cu ildə Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası Heydər Əliyevin təşəbbüsü ilə “Sağlamlıq Məcəlləsi” adlı sənədi qəbul etdi. Səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən edən bu sənəd inkişafa əsaslı töhfə verdi. 1970–1980–ci illərdə respublikada bir çox yeni səhiyyə obyektləri inşa edildi. Uşaq poliklinikalarının sayı 5 il ərzində 150–dən 185–ə çatdırıldı. Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri kimi tibb ocaqları istifadəyə verildi. Elmi–Tədqiqat Oftalmologiya və Elmi–Tədqiqat Onkologiya institutları üçün yeni binalar tikilməyə başladı.Görülən işlər artıq öz nəticəsini verməkdə idi, Azərbaycan səhiyyə sahəsindəki uğurları ilə seçilməyə başlayırdı. Bunun nəticəsində Bakıda 1970–ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarı, 2 il sonra isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisi keçirildi. Heydər Əliyevin dövründə səhiyyə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi yönündə bir sıra vacib qanunlar qəbul edildi, milli proqramlar işlənib hazırlandı. Azərbaycan Tibb Universitetinin yeni korpusunun istifadəyə verilməsi və müasir standartlara cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı isə ümummilli liderin hakimiyyəti dövründə səhiyyəyə göstərilən diqqət və qayğını sübut edən təqdirəlayiq hadisələrdir. 1998-ci ilin payızında Tibb Universitetinin yeni korpusunun açılışı mərasimində ulu öndərin söylədiyi fikirlər onun səhiyyə sahəsinə nə qədər həssas yanaşdığına işarə edirdi. Bu çıxışda həm də ulu öndərin səhiyyə işçilərinə rəğbətini, onların əməyini yüksək qiymətləndirdiyini görürük: “Biz indi səhiyyə sahəsində böyük islahatlar aparırıq. Azərbaycanda gedən islahatlar səhiyyə sahəsinə də toxunubdur. Bu, təbiidir. Mənim yaratdığım islahat komissiyası artıq islahatların layihələrini hazırlayıbdır. Biz onları həyata keçirəcəyik. Bu islahatların həyata keçirilməsi bəzi çətinliklər yaratsa da, gələcək üçün Azərbaycanda səhiyyəni daha da keyfiyyətli edəcək və insanlara xidmətin keyfiyyətini daha da artıracaqdır. Mən bu islahatlara inanıram və ümidvaram ki, siz, səhiyyə işçiləri, hamınız birlikdə səhiyyə sahəsində islahatların aparılmasında fəal iştirak edəcəksiniz. Sizin peşəniz elə bir peşədir ki, hər bir insana lazımdır və dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə də sizin sahəniz çox dəyərli sahədir, xalq, cəmiyyət, ölkə, dövlət üçün çox vacib sahədir”.

Ulu öndər Heydər Əliyev: “Həkimlik peşəsi müqəddəs bir peşədir”

Böyük sınaqlardan keçən sevgi

Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı ilə tanışlığı təsadüf idimi? Bəlkə də ömrünü xalqın sağlam gələcəyinə, inkişafına həsr etmiş, millətinin qayğısına qalan, keşiyində duran iki insanın həyatlarını birləşdirməsi də taleyin hökmü idi. Zərifə xanımla tanışlığını ulu öndər belə xatırlayır: “Mənim böyük qardaşım mərhum Həsən Əliyev – Azərbaycanın böyük alimlərindən biri olub, akademikdir. O vaxt da o, Elmlər Akademiyasında işləyirdi. Kislovodska istirahətə getmişdi, mənə də xəbər göndərdi ki, yay vaxtıdır, gəl bura...Heç kimi tanımırdım. Bir qız gözümə sataşdı, sonra tanış olduq. Sonra belə məlum oldu ki, mənim böyük qardaşım onun ailəsini, atasını çox yaxşı tanıyır. Amma tanışlığımız qısa oldu, çox ürəyimə girdi. Bir neçə gün sonra mən Zərifə xanımla görüşdüm. Gəldi, görüşən kimi mənə dedi ki, görünür ki biz artıq bundan sonra görüşə biməyəcəyik. Mən dedim, “nə üçün?” Dedi, sən bilirsən ki, mənim atamı işdən çıxarıblar, sənsə belə bir orqanda işləyirsən. Görünür ki bizim bundan sonra əlaqələrimiz mümkün deyil. Mən buna etiraz etdim, dedim ki, bizim münasibətlərimiz kimin harada işləməsindən asılı deyil... Nəhəyət, 1954-cü ildə mən ailə həyatı qurdum Zərifə xanımla. İkimiz də çox xoşbəxt olduq. Əgər onun tərəfdən mənə qarşı da bu qədər səmimi məhəbbət, səmimi hissiyyat olmasaydı, təbiidir ki, bəlkə mən heç onunla həyat qura bilməzdim. Əgər nəzərə alsaq ki, bu sevgi böyük bir sınaqdan keçdi, bir neçə il bizi bundan məhrum etmək istədilər, o da dönmədi, mən də dönmədim...”

Ulu öndər Heydər Əliyev: “Həkimlik peşəsi müqəddəs bir peşədir”
Ulu öndər Heydər Əliyev: “Həkimlik peşəsi müqəddəs bir peşədir”

İşıq dolar nurdan düşən gözə...

Qəlbi titrədən, insanı duyğulandıran mahnının bir sətridir bu sözlər, akademik Zərifə xanım Əliyevaya ithaf olunmuş mahnının. Sözləri Fikrət Qocaya, musiqisi Sevil Əliyeva məxsus “Ana” mahnısı... Sevil Əliyeva bu musiqini öz anasına – Zərifə xanıma həsr edib, amma o, hamımızın anası idi... Cənnət anaların ayaqları altındadır deyirik, onu bu dünyada qazanmaq olarmı görəsən?! İnsanlara şəfa verən, dünyanın gözəlliklərini görmələrinə vasitəçi olan Zərifə xanım cənnəti sağlığında qazanmış insanlardan idi. Şirin sözlü, kövrək qəlbli, gülər üzlü qadın... Fədakarlığı ilə çoxlarının səhərini aydınlatdı, çoxlarına həyat eşqini qaytardı, sönmüş gözləri yenidən işıqlandırdı. Azərbaycan səhiyyəsi deyəndə ağıla gələn ilk şəxsiyyətlərdəndir Zərifə xanım. Gördüyü işlərin miqyası əhəmiyyətli dərəcədə böyükdür. Böyük oftalmoloq alim, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyeva özü də həkim ailəsində dünyaya göz açmışdı. Oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrə görə dövrünün ən yüksək mükafatına - M.İ. Averbax adına mükafata layiq görülən ilk qadın olması da onun gərgin əməyinin, zəhmətinin parlaq nəticəsi idi. Traxoma infeksiyasının effektiv müalicə üsulunun ortaya qoyulması, qlaukoma xəstəliyinin öyrənilməsi, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin qarşısının alınması da Zərifə xanımın adı ilə bağlıdır. 40-cı illərdə Azərbaycanda tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı, təsirli müalicə üsulları isə yox idi. Traxoma ilə mübarizə metodlarını öyrənmək üçün Moskvaya üz tutan Zərifə Əliyeva elmi fəaliyyətinin ilk mərhələsini bu infeksiyanın müalicəsinə həsr edib. “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanı müdafiə edib və bu sahə üzrə ixtisaslaşıb. Onun təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilməyə başlandı, beləliklə, xəstəliyin kökü kəsildi. Dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusuna həsr olunmuş dissertasiya işi isə peşə ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi və müalicə üsullarının tədqiqində ilk işlərdən biri kimi dəyərlidir. Zərifə xanım oftalmologiyanın ağırlığını biliyinin, intellektinin gücünə dayanaraq öz zərif çiyinlərində daşıya bildi. Səhiyyəmizə əvəzsiz töhfələrini verdi. Zərifə xanımın da, ulu öndər Heydər Əliyevin də həkimlik peşəsinə dərin hörmətlərinin, sevgilərinin qanunauyğun davamıdır ki, ailələrinə gəlin olaraq da məhz həkim peşəsinin sahibini seçdilər – Mehriban xanım Əliyevanı!

Ulu öndər Heydər Əliyev: “Həkimlik peşəsi müqəddəs bir peşədir”
Ulu öndər Heydər Əliyev: “Həkimlik peşəsi müqəddəs bir peşədir”

İnkişaf və tərəqqi səhiyyəmizdən yan keçmir

Səhiyyənin inkişafı bu gün də Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Səhiyyə sahəsində son illərdə ən təqdirəlayiq hadisələrdən biri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin yaradılmasıdır. Agentliyin yaradılmasında məqsəd əhalini icbari tibbi sığortaya cəlb etmək, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək idi. Bu məqsədlərin reallaşması üçün tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam edir. Yeri gəlmişkən, 2024-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ümumi olaraq 1871,3 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2023-cü illə müqayisədə 66,3 milyon manat çoxdur. Bu xərclərin 1376,0 milyon manatı, yəni 73,5 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortası xərclərinə yönəldiləcək. Sığortalanma xərcləri uşaqları, universitet tələbələrini, təqaüd alan şəxsləri və digər əhali qrupunu əhatə edir. O cümlədən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaradılması da səhiyyə sistemindəki islahatların davamı kimi mühüm əhəmiyyət kəsb edir. Prezidentin 2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən yaradılmış TƏBİB bu gün vəzifəsini uğurla yerinə yetirir. Tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək qurumun fəaliyyətinin əsas məqsədidir. İcbari tibbi sığortanın tətbiqinə nəzarəti də TƏBİB həyata keçirir. Son illərdə dövlət tibb müəssisələrinin maddi–texniki bazası gücləndirilib, müasir dünya standartlarına cavab verən avadanlıqla təchiz edilib. Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsindədir, artıq Azərbaycan standartları meyar təşkil edir. Azərbaycan səhiyyəsi bugünkü inkişafı ilə beynəlxalq səviyyədə də seçilməyə başlayıb. Ölkəmiz 2005–ci ildən etibarən ardıcıl olaraq Ümumdünya Səhiyyə Təşkilatının və onun Avropa Regional Bürosunun rəhbər orqanlarında təmsil olunur. 2011–ci ildə ÜST-ün Avropa Regional Komitəsinin 61–ci Sessiyasının məhz Bakıda keçirilməsi on illər öncə ilə indiki dövr arasında ciddi inkişaf fərqinin, uğurların olduğunu deməyə əsas verir.

Ulu öndər Heydər Əliyev: “Həkimlik peşəsi müqəddəs bir peşədir”

Ulu öndər Heydər Əliyev: “Həkimlik peşəsi müqəddəs bir peşədir”

Səhiyyəmizin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan, Zərifə xanım Əliyevanın da zərifliklə yanaşı qətiyyət qatdığı inkişaf prosesi cənab Prezident İlham Əliyev və ölkəmizin birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə bu gün özünün yüksək mərhələsindədir. Səhiyyəmiz bundan sonra da xalqımıza xidmət edəcək, vətəndaşlarımızın sağlamlığının keşiyində dayanacaq.

Ulu öndər Heydər Əliyev: “Həkimlik peşəsi müqəddəs bir peşədir”
Ulu öndər Heydər Əliyev: “Həkimlik peşəsi müqəddəs bir peşədir”
Törə Zeynallı Demokrat.az

Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.

NE
Nihadə Eyyubova