“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev müfahizə orderlərinin verilməsi məsələsinə toxunub. Onun sözlərinə görə məişət zorakılığından əziyyət çəkənlərə verilən mühafizə orderlərinin sayı azdır. O qeyd edib ki, mühafizə orderinin verilməsinə "Məişət zorakılığı haqqında" Qanunun qəbulundan sonra başlanılıb.
Hüquqşünas Mehman Muradlı verilən mühafizə orderlərinin sayının az olmasına Demokrat.az-a açıqlamasında aydınlıq gətirib:
“Müraciətlərin az olmasının iki əsas səbəbi var. Rayon yerində qeydiyyatda olub Bakı şəhərində yaşayanların sayı paytaxtda yaşayıb qeydiyyatda olan əhalinin sayı ilə təxminən eynidir. Mühafizə orderi uzun müddətli və qısa müddətli olur. Qısa müddətli mühafizə orderini yerli icra hakimiyyəti orqanları verir. Uzun müddətli orderi isə məhkəmə verir, bu da müəyyən qədər vaxt aparır.
“Ailə Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən tərəflər məhkəmədən əvvəl Mediasiya Şurasına müraciət edir. Mediasiya sessiyası 20-25 gün çəkir, işin hazırlanıb məhkəməyə təqdim olunma prosesi də uzun çəkir. Mühafizə orderini verməyin daha operativ həlli yolu var. Rayon polis bölmələrində sahə müvəkillərinə uzun müddətli mühafizə orderi vermək səlahiyyəti verilə bilər, bu yol daha operativ olar.
“Mediasiya haqqında” qanunda könüllülük nəzərdə tutulur amma mülki-prosessual məcəllə bunu tələbə çevirir. Əgər tərəflər barışıq üçün həll yolu tapa bilməyib birbaşa məhkəməyə müraciət ediblərsə, demək ki, qərarlarında qətidirlər, mediasiya vaxt itkisidir”.
Törə Zeynallı Demokrat.az


