İqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov bildirib ki, Azərbaycan iqlim dəyişikliyi ilə qlobal mübarizəyə öz töhfəsini verməkdədir.
O qeyd edib ki, 2025-ci ilə qədər ortamüddətli, 2030-cu ilə qədər isə uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikilməsi, alternativ sulardan istifadənin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması hədəflənir.
Ekoloq Rövşən Abbasov Demokrat.az-a deyib ki, su ehtiyatları ərzaq təhlükəsizliyinə, iqtisadi inkişafa yol açan əsas faktorlardan biridir:
“Su ehtiyatlarından düzgün istifadə, idarə, qənaət və prioritetləşdirmə olmadan bu məsələlərdə davamlılığı təmin etmək olmaz. Buna görə də ölkədə mütəxəssislərin iştirakı ilə bütün tərəflərin maraqlarını təmin edəcək şəkildə su strategiyasının əsaslarının işlənməsi vacibdir. Su strategiyası deyəndə 30-40 səhifəlik sənəd başa düşürük, belə deyil. Su strategiyası özündə konkret məqsəd və planları əhatə etməlidir”.
Ekspert bildirib ki, ölkənin su təhlükəsizliyinə təsir edən amilləri təhlil etdikdə transsərhəd su götürmələrinin başlıca amil olduğunu görürük:
“Su ehtiyatlarının 70 faizindən çoxu Gürcüstan, Türkiyə, Ermənistan ərazisində formalaşır, bir hissəsi də İrandan gəlir. Ona görə də bu ölkələrlə aktiv şəkildə hidrodiplomatiya yürütməyi bacarmalıyıq. Burada tək diplomatlara deyil, hidroloqların iştirakına da ehtiyac var. Transsərhəd su götürmələri getdikcə su və ərzaq təhlükəsizliyinə daha çox təhdid yaradır. Adını çəkdiyim ölkələrdə əhali çoxdur, suya tələbat artır.
Çalışmalıyıq ki, bu ölkələrdən lazımi miqdarda su ala bilək, həm çay sularımızı qoruyaq, həm də əhalinin içməli və suvarma suyuna olan ehtiyacını ödəyək”.
R.Abbasov iqlim dəyişikliklərinin də problemlərə səbəb olduğunu deyib:
“Bu, Azərbaycanın su ehtiyatlarını 15-20 faiz azaldacaq. Buna uyğunlaşmaq üçün imkanları nəzərdən keçirməliyik. Kənd təsərrüfatı planlaşdırması düzgün aparılmalıdır, kiçik fermer təsərrüfatları dəstəklənməlidir. Kənd təsərrüfatında su itkilərini azaltmalıyıq. Bunun üçün müasir suvarma metodlarına keçid edilməlidir.
Ölkə daxilində yeni su siyasəti formalaşdırmalıyıq. Düzgün bazar mexanimzləri tapılmalıdır. Getdikcə artan iri aqrar təsərrüfatlar kiçik fermerlərə daha çox təzyiq edir. Regionarda suyun bölüşdürülməsində ədalətsizliklər görürük. Bu da kiçik fermerləri yorur. Rayonlarda yonca istehsalı azalır, bu da ət istehsalına təsir edir və ölkəni getdikcə daha çox idxaldan asılı vəziyyətə salır”.
Törə Zeynallı Demokrat.az


