Gündəm Özəl

"Müqavilə ilə işləyən şəxslərə görə namizədlər haqsız olaraq kəsilir" — İRAD

Müqavilə ilə işləyən şəxslərə görə namizədlər haqsız olaraq kəsilir — İRAD

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsində dəyişiklik edilməsini təklif edib.

Bu barədə Bizim.media-ya danışan təhsil eksperti deyib ki, bir çox hallarda dövlət qulluğuna qəbul imtahanından yüksək bal toplayan gənclər müsahibə mərhələsindən keçə bilmirlər. Yaxşı olar ki, DİM-in keçirdiyi imtahandan yüksək bal toplayan gənclər müsahibə mərhələsindən azad edilsinlər, çünki müsahibə mərhələsində subyektiv amillər rol oynayır: “Mən və əksər həmkarlarımız dəfələrlə Milli Məclisdə məsələ qaldırmışıq. Bununla bağlı bizə çoxlu müraciətlər olur. Mən şəxsən müsahibə mərhələsinin tərəfdarı deyiləm. Elə gənclərimiz var ki, 4-5 dəfə DİM-nin keçirdiyi dövlət qulluğuna qəbul imtahanından ən yüksək nəticə göstəriblər. Amma müsahibə mərhələsindən keçə bilməyiblər. Praktika göstərir ki, müsahibə mərhələsində gənclərə çox absurd suallar verilir. Bu suallar hesabına istənilən şəxsi müsahibədən kəsmək olar. Maraqlıdır ki, müsahibə mərhələsində peşəkar mütəxəssislər deyil, dövlət qurumlarının nümayəndələri iştirak edir”.

Aktual mövzuya təhsil eksperti Rizvan Fikrətoğlunun yanaşmasını öyrəndik.

O, Demokrat.az-a açıqlamasında qeyd etdi ki, müsahibələrdə problemlərin yaşanmasının səbəbi iştirak edən ekspertlərin özlərinin kifayət qədər hazırlıqlı olmamasıdır:

“Müsahibə 3 ekspertin iştirakı ilə keçirilir, dövlət qurumunun nümayəndəsi, DİM-nin nümayəndəsi və müstəqil ekspert. Ekspertlərin əksəriyyətinin müsahibə proqramından xəbəri olmur, hazır “şparqalka”dan oxuyub, sual verirlər. Dünyagörüşü adı ilə hər cür lazımsız mövzuda sual verirlər, bunun bir limiti olmalıdır”.

Ekspertin fikrincə, bu gün ölkədə dövlət qulluğunun müsahibə mərhələsinin keçirilməsində hələ də ədalətli və keyfiyyətli sistem formalaşmayıb:

Müqavilə ilə işləyən şəxslərə görə namizədlər haqsız olaraq kəsilir — İRAD

“Ona görə də düşünürəm ki, müsahibə mərhələsi ləğv olunmalıdır. Hamıya eyni tipdə testlər verilir. Savadlı və bacarıqlı kadr istəyən qurum onun bilik və təcrübəsinə fikir verməlidir, namizədin vakansiyaya uyğunluğu, həmin sahə üzrə təcrübəsinin olub-olmaması nəzərə alınmalıdır. Test sualları spesifik tərtib olunmalıdır. Hakim köməkçisinə də eyni testlər verilir, maliyyə şöbəsinə qəbul olunmaq istəyənə də. Müsahibə mərhələsini testləşdirmək olar, müraciət edilən vakansiya üzrə də suallar salına bilər, bu zaman proses ədalətli olar. Şərt deyil ki, hamıya 40 dənə qanunvericilik, 30 məntiq, 15 Azərbaycan dili, 15 informatikaya aid sual verilsin.

Müqavilə işləyən şəxslər yerində qalsın deyə haqsız olaraq namizədlər kəsilir. Müsahibə mərhələsi obyektiv aparılmır, xeyli namizədin haqqı tapdanır. Bu da ümumilikdə dövlət qurumunun, DİM-nin, təhsil sisteminin imicinə xələl gətirir. Şəxs dövlət qulluğuna qəbula hazırlaşmaq üçün zamanı və pulunu xərcləyir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova