Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər.
Həmin şəxslərin icbari tibbi sığorta haqlarını dövlət ödəyir.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib. O qeyd edib ki, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən icbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2025-ci ilədək təxirə salınması təklif edilib.
Sosioloq Elçin Bayramlı güzəştin uzadılmasını müsbət qiymətləndirir. Lakin o, Demokrat.az-a açıqlamasında işsizlərin ödənişsiz tibbi xidmətdən məhrum edilməsininin ümumilikdə sosial ədalət prinsiplərinə zidd olduğunu da vurğulayıb: 
“Dövlət olaraq işləməyən şəxsləri ölümə tərk edirik. Vətəndaş işləmir və ya iş tapa bilmir, müalicəsinə qadağa qoyuruq, pulsuz tibbi xidmətdən yararlana bilmir. Dövlət və cəmiyyət olaraq onu ölümə tərk etmiş oluruq. Vətəndaş işsiz olsa belə onun icbari tibbi sığortası olmalıdır. Şəxs o zaman işsiz sayılır ki, dövlət onu işsiz kimi qeydə alır və işsizliyə görə müavinət verir, həmin məbləğdən İTS üçün müəyyən vəsait tutula bilər. Ölkədə yarım milyondan çox işsiz var, bəziləri müraciət edir, axtarır, amma iş tapa bilmir. Dünyanın heç bir yerində vətəndaşa qarşı belə sosial yanaşma yoxdur. Xeyriyyə fondlarından, dövlət büdcəsindən kompensasiya olunmalıdır və ya işsizliyə görə müavinətdən sığorta haqqı tutula bilər. Başqa variantlar da var. İşsizlərin sayı hesablana bilər, işləyən şəxslərin maaşından bir qədər artıq tutulma ilə bu, kompensasiya edilə bilər. İTS bütün vətəndaşlar üçün əlçatan olmalıdır. Əks halda işsizliyin çox olduğu ölkədə vətəndaşlar ağır vəziyyətə düşəcək. Bu, yolverilməzdir. Sığorta sistemi varsa təqaüdçülər, əlillər, işsizlər bundan yararlana bilməlidir”.
Törə Zeynallı Demokrat.az


