Sosial Özəl

Rey Kərimoğlu: “Hərbçilərin və mina axtaranların maaşı artırılmalıdır”

Rey Kərimoğlu: “Hərbçilərin və mina axtaranların maaşı artırılmalıdır”

Milli Məclisin bugünkü iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Prezidentin Ehtiyat Fondundan hərbçilərin və mina axtaranların maaşının artırılmasını təklif edib. O deyib ki, hərbçilər bir yerdən başqa yerə gedir, onlara kirayə üçün verilən məbləğlər artırılmalıdır, mina təmizləyənlər də bilmirlər səhər çıxanda axşam qayıda biləcəklərmi. Ona görə azad olunmuş ərazilərdə mina axtaranların da maaşı artırılmalıdır, bura FHN-nin mina axtaranları da aiddir.

“Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu Demokrat.az-a açıqlamasında deputatın təklifini müsbət dəyərləndirib:

Rey Kərimoğlu: “Hərbçilərin və mina axtaranların maaşı artırılmalıdır”
“Sağ olsun, Siyavuş müəllim, hərbçilərin, mina axtaranların əməkhaqqısı məsələsini qaldırıb. Vətənimizin keşiyində duran hərbçilərimizin indikindən qat-qat artıq maaş alması lazımdır, arzu edərdik ki, bu məbləğ artırılsın. O cümlədən də minaaxtaranlar, onlar hər gün ölüm riski ilə üzləşirlər. Dizləri torpağa sürtülə-sürtülə mina axtarırlar, əziyyət çəkirlər, son dərəcə təhlükəli işlə məşğuldurlar. Onların da maaşı artırılmalıdır, dövlət təminatı gücləndirilməlidir. Hərbçilərimizin sosial təminatı ilə bağlı müəyyən işlər görülür, eləcə də mina axtaranlarla bağlı. Düşünürəm ki, əməkhaqqı və müəyyən ödənişlərin artırılmasına ehtiyac var. Ümid edirik ki, Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlar bu təklifə müsbət cavab verəcəklər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova