Gündəm Özəl

"İnsanlar uğurlu karyeranın açarını universitetlərdə görürlər, amma..." — AÇIQLAMA

İnsanlar uğurlu karyeranın açarını universitetlərdə görürlər, amma... — AÇIQLAMA

Milli Məclisin deputatı Musa Quliyev peşə təhsilinin vacibliyi məsələsini gündəmə gətirib.

Bu barədə Bizim.Media-ya danışan deputat bildirib ki, insanlar təhsil alır, sonra da diplomla küçədə qalırlar, halbuki peşə öyrənənlər öz sənətləri üzrə işləyib yaşaya bilərlər:

“Azərbaycanda hamının ali təhsil alması dəb olub. İnsanlar ali təhsil alır, sonra da diplomu ilə qalır küçədə, öz ixtisasına uyğun iş tapa bilmirlər. Amma texniki peşə məktəbi var, insanlar gedib orada sənət öyrənə bilərlər. Başqa ölkələrdə ailə ənənələri var. Ailənin ulu babadan, nənədən gəlmə bir sənəti olur və o sənəti davam etdirirlər. Məsələn, bir ailənin 100-200 illik paxlava bişirmək ənənəsi var, bir ailə dulusçuluq, misgərliklə məşğuldur. Yəni ailə ənənələrini biz də yaratmalı və yaşatmalıyıq. İnsan peşə seçiminə gənc yaşlarında yiyələnməlidir, orta məktəbdən bilməlidir ki, harada özünə uyğun iş tapa biləcək”.

Peşə təhsilinin inkişafı istiqamətində son illərdə Azərbaycanda ciddi addımlar atılır, lakin gənclər arasında buna maraq elə də çox deyil. Universitetdə oxumaq gənclər üçün prioritet olsa da, ali təhsildə uğur qazanmağı heç də hər tələbə bacarmır.

Təhsil eksperti İlqar Orucov Demokrat.az-a açıqlamasında deyib ki, günümüzdə müasir peşə sahiblərinə ehtiyac artmaqdadır. Ali təhsil verən universitetlərin rolu cəmiyyətin tərəqqisində, elm və təhsilin inkişafında danılmazdır. Bununla belə artıq dünyada yeni tendensiyalar da müşahidə edilməkdədir, Azərbaycan da bu təsirlərdən kənar qala bilməz:

“Müasir dövrdə əmək bazarının da tələbləri artır. Ənənəvi peşə sahələri ilə yanaşı, texnologiya əsaslı peşə növləri yaranır və insanların ehtiyaclarının qarşılanmasında, gündəlik həyatımızda müstəsna rol oynamağa başlayır. Bəzi ixtisaslar üzrə praktiki biliklərə yiyələnmək artıq asanlaşıb. Bunun üçün müxtəlif kurslar var, mühasibatlıq, İT, proqramlaşdırma kimi ixtisaslara dair praktiki dərslər keçilir. Əlbəttə ki, universitetlərin bu ixtisaslar üzrə qazandırdığı nəzəri biliklərin önəmi danılmazdır. Texnologiya inkişaf edir, insan əməyini texnika əvəz edir, xarici ölkələrdə artıq robot texnologiyalarından istifadə olunur, müxtəlif sahələrdə süni zəkanın nailiyyətləri tətbiq edilir. Beləliklə, bəzi ixtisaslara ehtiyac qalmır, onlar getdikcə öz aktuallığın itirir, demək ki, bu ixtisas sahiblərinə də artıq əvvəlki kimi tələbat olmayacaq. Bu barədə gənclərimiz yetəri qədər biliyə sahib deyillər. Məktəblərdə şagirdlərə müasir dövrün ehtiyac duyulan ixtisasları, əmək bazarının tələbləri barədə məlumat verilməlidir. Artıq yuxarı siniflərə çatmış şagirdlər gələcək hədəflərini buna uyğun qura bilməlidirlər. Məlumatlı şagird beləlikdə hansı ixtisasa yiyələnmək istədiyini, hansı istiqamət üzrə özünü inkişaf etdirmək istədiyini daha yaxşı biləcək, müstəqil qərar vermək bacarığına sahib olacaq, dövrün tələbi ilə ayaqlaşacaq”.

Ekspertin fikrincə, peşə təhsilinin önəmi barədə cəmiyyətdə ciddi təbliğatın aparılmasına ehtiyac var:

İnsanlar uğurlu karyeranın açarını universitetlərdə görürlər, amma... — AÇIQLAMA
“Maarifləndirmə önəmlidir. Eyni zamanda ölkədə peşə təhsili müəssisələri inkişaf etdirilməlidir. Söhbət ənənəvi peşələrdən getmir, dərzi, saç ustası, , çəkməçi, bənna, dülgər kimi klassik peşələr hər zaman olub. Amma müasir peşələri öyrədən müəssisələrin yaradılması istiqamətində təəssüf ki, ölkədə ciddi boşluqlar var. Düşünürəm ki, universitetlərə qəbul imtahanlarında orta və aşağı nəticə göstərən abituriyenlərin peşə təhsilinə yönəldilməsi üçün özləri və ailələri ilə söhbətlər aparılmalıdır. Gənclərin çoxu, eləcə də valideynlər övladlarının universitetdə oxumağında maraqlıdırlar, amma dörd ildən sonra ali təhsili başa vurub, əmək bazarında özünə iş tapa bilməyən diplomlu işsizlər ordusunun formalaşması əvəzinə, bacarıqlı, hansısa peşənin peşəkarı səviyyəsinə çata biləcək potensiallı gənclərin məhz bu istiqamətə yönəlməsi daha məqsədəuyğun olar. Beləliklə, onlar gələcəkdə əmək bazarında özlərinə yer tapa biləcək, cəmiyyətin işçi qüvvəsini formalaşdıracaq və ölkənin iqtisadi inkişafına töhfə verəcəklər. Stereotipləri qırmağın vaxtı yetişib. Əksəriyyətin universitet sevdasının da kökündə bu dayanır. İnsanlar uğurlu gələcəyin, karyeranın açarını universitetlərdə görürlər. Amma reallıq göstərir ki, bu sadəcə formalaşmış yanlış düşüncənin diktəsidir. Universitet bitirən gənclərin bəlkə də yarıdan çoxu sonradan öz ixtisası üzrə işləmir və ya diplom onlara həyatlarının heç bir dövründə gərək olmur. Gəncləri bu istiqamətdə maarifləndirməli və doğru istiqamətə yönəlmələri üçün imkanlarımızı genişləndirməliyik”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova