Bakının Nəsimi rayonunda 1995-ci il təvəllüdlü İdris qeyri-rəsmi münasibətdə olduğu Aydana (adlar şərti verilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində yerləşən “Cinema Plaza” hotelinin 320 saylı otağında baş verib.
İdris həmin otaqda Aydan ilə aralarında yaranmış sözlə mübahisə nəticəsində onun üz və baş nahiyələrinə qəsdən yumruq zərbələri ilə vurub.
İstintaq orqanı tərəfindən İdrisin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İdris ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, , hadisə vaxtı “Pablo Pub”da aşpaz olaraq işləyib: “Orada qonaqları qarşılayan Aydan ilə ilk öncə dostluq münasibətimiz yarandı. Daha sonra isə onunla qeyri-rəsmi nikah münasibətdə olaraq birlikdə yaşamaq qərarına gəldik. Mən dəfələrlə Aydan ilə birlikdə restoranlara və digər obyektlərə getmişik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, gecə təxminən saat 01.40-da işlədikləri “Pablo Pub”dan Aydan ilə birlikdə çıxıb: “Bir yerdə kinoya baxmağı və “karaoke”də oxumağı təklif etdim. Aydan da mənimlə razılaşdı. Bundan sonra gecə təxminən saat 02.30-da Aydan ilə birlikdə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Cinema Plaza” hotelinə getdik. Orada otaqda əyləşərək spirtli içki qəbul etdik. Yemək yediyimiz zaman Aydan məni təhqir etdi. Bundan əsəbləşərək yumruqla bir neçə dəfə onun üz və baş nahiyələrinə vurduqdan sonra hadisə yerini tərk etdim. Həmin zaman yanımızda başqa heç bir şəxs olmadığı üçün müdaxilə edən hər hansı bir şəxs olmayıb”.
İdris ifadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olduğunu, hazırda zərərçəkmiş şəxs ilə barışdığını deyib.
İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, İdris ilə “Cinema Plaza” hotelinə gedib: “Orada otaqda spirtli içki qəbul etdik. Mən “karaoke”də oxuduqdan sonra söhbət etdiyimiz zaman İdris onu nə üçün təhqir etdiyimi soruşdu. Mən də onu təhqir etmədiyimi bildirdim. Lakin aramızda mübahisə oldu. Mübahisə zaman İdris üzərimə gələrək yumruq zərbələri ilə üz və baş nahiyələrimə vurdu. Bu vaxt burunumdan, sol gözümün alt hissəsindən, dodağımdan və dişimdən xəsarət aldım”.
Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən İdrisin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


