Bu gün Beynəlxalq Tolerantlıq Günüdür.
Dözümsüzlüyün, fərqli millətlərin və dinlərin nümayəndələrinə qarş ayrı-seçkiliyin yayıldığı zamanda Azərbaycan dünyada tolerant mühitin var olduğu nadir ölkələrdəndir.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral AğayevDemokrat.az-a açıqlamasında deyib ki, xalqımız tarixən müxtəlif dini, etnik və dil mədəniyyətlərinin kəsişməsində formalaşıb. Ona görə də tolerantlıq hər zaman Azərbaycan xalqının milli kimliyinin tərkib hissəsi olub:

“Biz bir tərəfdən etnomədəni kimliyimizlə çox bağlı xalqıq, digər tərəfdən isə azərbaycanlılar bütün bəşəriyyətlə öz mənəvi bağlarını eyni dərəcədə dərk edirlər.
Bakıdakı katolik kilsəsinə xristian dininə mənsub olmayan azərbaycanlılar gəlir, lakin onların başqa bir inanca, onun müqəddəs hesab etdiyi nəsnələrə göstərdiyi ehtiram və hörmət Bir Olan Yaradana imana əsaslanan yüksək dini mədəniyyətin təzahürüdür. Bu, xalqımızın qiymətli xüsusiyyətidir".
T.Ağayev tolerantlıq mühitinin qorunub saxlanmasında dövlət siyasətinin rolunu vurğulayıb:
“Təbii ki, Azərbaycanın dinlərarası və millətlərarası münasibətlər fonunda tarixi tolerantlıq dəyərlərinin qorunub saxlanmasında və möhkəmlənməsində Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin müstəsna rolu var.
Azərbaycan bu gün din və dünyəvi dövlət arasında harmonik münasibətlər nümunəsi olmaqla yanaşı, müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin birgə dinc yaşayışı nümunəsini də dünyaya göstərir”.
Törə Zeynallı Demokrat.az


