İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, hökumətin həyata keçirdiyi anti-inflyasiya tədbirləri ölkədə qiymət artımının tədricən yavaşlamasına imkan verib.
O qeyd edib ki, paralel olaraq qlobal ərzaq bazarlarında qiymətlərin azalması, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiyanın səngiməyə başlaması ilə 2023-cü ilin 9 ayında illik inflyasiya 10,9 faiz təşkil edib. Həmçinin neft və qazın dünya bazar qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyük profisit müşahidə olunduğu da vurğulanıb.
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, son aylarda disinflyasiya simptompları müşahidə edilir.
O, Demokrat.az-a açıqlamasında deyib ki, xüsusən də ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə daha az artım dinamikası görülür:
“Əgər ötən ilin sentyabrında qiymətlərdə 3,1 faiz bahalaşma olubsa, bu ilin eyni ayında 0,3 faiz olub. 2022-ci ilin oktyabr ayında qiymətlər 1,6 faiz bahalaşmışdısa, bu il 0,4 faiz təşkil edib. May-avqust aylarında isə deinflyasiya baş verdi. Qiymətlərdə az da olsa, azalmalar müşahidə edildi. Meyillilik inflyasiyanın aşağı düşməsi istiqamətindədir. Buna baxmayaraq bəzi məhsulların qiymətlərində artım baş verib”.
Ekspert əlavə edib ki, müxtəlif faktorların prosesə təsiri var. Qlobal səviyyədə inflyasiya göstəriciləri aşağı düşür:
“Ötən ilin aprel ayından başlayaraq dünyada ərzaq məhsularının qiymətlərində enmələr müşahidə olunur. Bu da müəyyən mənada Azərbaycana öz təsirini göstərir. Mərkəzi Bank tərəfindən həyata keçirilən sərt manitar siyasətin də prosesə töhfəsini qeyd edə bilərik. 2023-cü ilin əvvəllərindən etibarən bəzi istiqamətlərdə istehlak səbətinə daxil olan məhsullarda vergi güzəştləri edildi.
Lakin əhalinin gəlirlərinin artım dinamikası aspektindən inflyasiya göstəricilərini mübahisələndirsək, deyə bilərik ki, 10,9 faiz yüksək göstəricidir. Xüsusilə də Avropa ilə müqayisədə bu istiqamətdə çox işlər görülməlidir. Azərbaycanda istehsal edilməyən məhsullar üzrə bazarda rəqabətin formalaşması, iqtisadiyyatın liberallaşması, sağlam rəqabətin yaradılması yolu ilə qiymətlərin optimal səviyyəsinin müəyyən edilməsi hökumətin gündəliyində duran əsas məsələlərdir”.
Törə Zeynallı Demokrat.az


