Bakının Sabunçu rayonunda 1979-cu il təvəllüdlü Sevda ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qayınanası Hicrana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 21-də baş verib. Sevda həmin gün saat 10.00-da yaşadığı evin həyətində Hicran ilə aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində onunla mübahisə edib.
Mübahisə zamanı Sevda qəsdən əli ilə Hicranın saçından yolub, boyun nahiyəsindən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Sevdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevda ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Kamal onunla ikinci dəfə ailə qurub: “Ailə qurandan bu günə kimi evdə münaqişələrimiz olur. Buna səbəb isə odur ki, Kamal evə içkili vəziyyətdə gəlir, münaqişə salır. Ondan başqa qaynanam Hicran da məni mütəmadi olaraq təhqir edir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 21-də, saat 10.00-da yaşadığı evin həyətində olan zaman qaynanası Hicran ilə aralarında münaqişə baş verib: “Hicran valideynlərimin ünvanına nalayiq sözlər işlətdiyi üçün artıq buna dözmədim. Əlim ilə onun saçından tutaraq yoldum. Cırmaqla boğaz nahiyəsindən vurdum”. Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sevdanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli


