Hər il dünyanın müxtəlif ölkələrində qeyd edilən Hellouin bayramına son dövrlər Azərbaycanda da maraq artıb. Daha çox uşaqların əyləndiyi axşamdan böyüklər də zövq alır, desək, yanılmarıq. Müxtəlif motivli kostyumlar, üz qrimləri bayram gecəsinə daha da maraq və həyəcan qatır.
Hellouin haqqında nə bilirik?
Bayramın kökü qədim kelt bayramı ənənəsi olan “Samayn”la bağlıdır. “Samayn” bütpərəstlərin bayramı olaraq bilinir. 2000 il əvvəl indiki İrlandiya, Böyük Britaniya və Fransanın şimalında yaşayan keltlər noyabrın 1-də yeni ilin ilk gününü qeyd edirdilər. Oktyabrın 31-ə keçən gecə yaşayanlar və ölülər arasındakı qapının açıldığına və ruhların yerə qayıtdığına dair inanc formalaşmışdı. Buna görə də evlərə pis ruhların gələcəyindən narahat olaraq onları qorxudub, qaçırmaq üçün balqabaqları qorxulu tərzdə bəzəyirdilər.
Tonqallar ətrafında toplaşaraq müqəddəslərə hörmət əlaməti olaraq heyvan başlarından və ya dərilərindən düzəldilmiş kostyumlar geyinirdilər.
Hazırda Hellouini daha çox ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Sinqapur, Cənubi Koreya, Yaponiya, Avstraliya və Yeni Zelandiyada qeyd edirlər.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev Demokrat.az-a açıqlamasında deyib ki, bəziləri Hellouinin xristian bayramı olduğunu düşünsə də Katolik və Pravoslav Kilsələrində belə dini bayram yoxdur: 
“Buna dini əsaslarından qopmuş bir festival da deyə bilərik. Ürəyi istəyən, bəyənən qeyd edə bilər, lakin şər qüvvələrlə zarafat etməyin heç də yaxşı əməl olmadığını insanlara xatırlatmaq istəyirəm”.
Törə Zeynallı Demokrat.az


