Biletə 490 manat verib, gedib Acun Ilıcalının “varlanmağın yolları” barədə məsləhətlərini dinləyən bir kütlə buna çox qısa şəkildə çatmağın yolunu bilir, əslində- varlı kişi tapmaq.
Bəli, varlı sevgili, varlı ər! Varı varsa, özü var olmasa da olar. Ağlamağım gəlir. Biz üzüaşağı hara yuvarlanırıq?! Nə vaxt yekə bir daşa çırpılıb özümüzə gələcəyik?! Bu cəmiyyətin ağıllı-başlısı, ədəbdən-ərkandan qananı yoxdurmu?!
Səhər durursan, televizoru açırsan, görürsən gözəl-göyçək bir xanım əyləşib, danışır. Qonşuluqda belə bir şey olsa, qonşular ən azından, qeybəti gizli edər, ayıbdır deyə. Bu bəxtəvərin balası çıxıb bunu efirdə danışmağa. Deyir ki, “toyda yanımda oturan bəy uşağımın atası deyil. Uşağımın atası özü belə toyun olmasını məsləhət bildi, mən də onun sözündən çıxmadım.”
Rəhmətlik Siyavuş Aslanın sözü elə yerinə düşərdi ki: “Sən nə həyasız adamsan a?!”
İndi də cəmiyyətin “ağılverəni” çıxıb deyir ki, sizə "iPhone" almırsa, boşana bilərsiz, buna şansınız var. Ay başına dönüm, bu nə hoqqadır?! Bu nə bəhsəbəhsdir?!
Niyə çətin dünyamızı lap da çətinə salırsız?! Boşanmaq nə vaxtdan şans olub, sevgi nə zamandan "iPhone" a çevrilib?! Nə zamandan qadın hissləri bu qədər ucuz oldu?! Nə zamandan sevginin sübutu belə maddiləşdi?! Kimə görə belə oldu?! Səhvi harda etdik, qayıdıb düzəldək?!
Heçmi ərinin 500 manat maaşı ilə xoşbəxt ailə mühiti bərqərar edən qadınlardan utanmırsınız?!
“Özünüzü sevin, özünüzü hamıdan öncə, hamıdan çox sevin” deyə-deyə bu psixoloq dəstəsi eqoist sürü yaratdı! Özünüzü sevin əvəzinə, özünüzü ucuzlaşdırmayın deməli idilər, əslində. Sizə "iPhone" alan yox, sizə heyran olan, sizə məhəbbətlə yanaşan, hisslərinizi "iPhone"la barter edə biləcəyinə əmin olan kişi ilə yox, əvəzsiz olduğunuzu bilən biri ilə ömür yaşayın. Dünyanız da, o dünyanıza doldurduğunuz fikirləriniz də çox çirkindir. Xahiş edirik, özünüzdə saxlayın, ətrafa yaymayın.
Sizin sevginizin müddəti "iPhone" nun növbəti modeli çıxana qədərdir, bizimki sonsuzluğa qədər.


