Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək.
Demokrat.az xəbər verir ki, Aİ-a üzv ölkələrin xarici işlər nazirlərinin bu gün Lüksemburqda keçiriləcək görüşünün gündəliyinə Qəzzadakı vəziyyət, eləcə də Rusiya-Ukrayna münaqişəsinin müzakirəsi də daxildir.
Politoloq Tural Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, görüşdə Azərbaycan əleyhinə hər hansı sənədin qəbul edilməsi gözlənilən deyil:
“Tövsiyə xarakterli mətn səsləndirilə bilər. Son günlər Qərb mediasında guya Azərbaycanın Ermənistanın suverenliyinə təhdid yaratması, Qərbi Zəngəzuru işğal etmək niyyətində olması kimi qərəzli fikirlər tirajlanır. Zəmin yaradılır ki, Avropa İttifaqı Ermənitanda şərti sərhəddə öz missiyasının tərkibini artırsın. Ermənistan Avropa İttifaqı ilə münasibətlərini genişləndirmək, təhlükəsizlik və hərbi sferalarda irəliləmək istəyir. Bu münasibətlərin dərinləşməsi Rusiyanın maraqlarına zərbədir”.
Ekspertin fikrincə, Aİ Brüssel platformasında üçtərəfli görüşləri yenidən aktivləşdirmək istəyir:
“Buna görə də Azərbaycana qarşı sərt ritorika ilə çıxış etməyəcək. Son Qranada görüşündən artıq Aİ özü üçün nəticə çıxardı. Qərb nə qədər çox sərt çıxış etsə, maraqlarına bir o qədər zərbə dəyəcək. Bu, Azərbaycanla enerji sahəsində bağlanılan müqavilələrə belə təhdid ola bilər. Aİ çalışacaq ki, Azərbaycanın maraqlarını nəzərə almaqla, Qərb platformalarının işini gücləndirsin”.
Törə Zeynallı Demokrat.az


