Oktyabrın 19-da keçirilən Azərbaycan Qadınlarının VI Qurultayı ilə bağlı bəzi məqamlar müzakirə obyektinə çevrilib. Belə ki, qadınlara aid Qurultayda kişilərin ön sırada əyləşmələrini əks etdirən foto tənqid olunub. Sosial şəbəkələrdə müzakirlər zamanı bu görüntüləri “qadınsız qadın Qurultayı” kimi şərh edənlər də az olmayıb.
Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Qurultayın iştirakçısı politoloq Yeganə Hacıyeva deyib ki, tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən 600-ə yaxın qadın iştirak edib.
“600 qadını qoyub, birinci sırada oturan kişiləri göstərməklə Qurultaya “qadınsız qalan Qurultay” demək, əslində, bunu deyənlərin “obyektivliklərindən” xəbər verir. 600 nəfəri görməyib, 20 nəfəri görmək heç də obyektiv yanaşma deyil. Kişilərin öndə oturmasını tənqid edirlərsə, bu, texniki məsələdir. Yəqin ki, bu məsələyə təşkilatçıların cavabı olar. Mən ikinci sırada, mənə göstərilən yerdə əyləşmişdim. Hesab etmirəm ki, ətrafımda ancaq kişilər əyləşmişdi. Bəli, öndə var idi. Prezident Administryasiyasından, Nazirlər Kabinetindən nümayəndələr, nazirlər və s. Onlar öndə əyləşdikləri üçün belə görüntü yaranıb. Prosesləri neqativ fonda göstərib, bundan ictimai dividend, layk yığmaq istəyən bir təbəqə formalaşıb və bu təbəqə bütün məqamlardan öz xeyrinə istifadə etməyə çalışır. Hazırkı dövrdə bu, onların dolanışıq mənbəyidir. Ölkənin müxtəlif yerlərindən gəlmiş Azərbaycan qadınları ilə daha yaxından tanış olmaq imkanı əldə etdiyim üçün Qurultayda iştirakım məni çox xoşbəxt etdi. Məsələn, mənim üçün vacib məqamlardan biri bu idi ki, ucqar dağ yerlərindən gələn qadınların belə siyasi dəyərləndirməni necə uğurla aparmaqla bağlı mənə fikirlərini bildirdilər. Quba rayonundan gələn qadın dedi ki, uzun müddətdir işləmir, digər işgüzar fəaliyyəti də yoxdur, lakin bu, onun Qubada ictimai aktiv qadın olmasına maneə deyil. O, kasıb ailələrdə böyüyən qızların cehizlərinin alınmasında müəyyən təşəbbüs göstərir, fəaliyyətinin cəmiyyətə faydasını belə görür. Bu, əslində müstəsna, daha faydalı işdir. Sadəcə, bu işləri görməyə qadınları vicdanları məcbur edir...”, - politoloq bildirib.
Y.Hacıyeva əlavə edib: “Qadınlar dövlət idarəçiliyində iştirak edir, siyasi qərarlar qəbul edir, ictimai fəaliyyətləri inkişaf etdirir, biznes layihələri həyata keçirirlər. Bu qədər böyük işlər məsuliyyət və zəhmətlə həyata keçirildiyi üçün bu zəhmətin haqqı olaraq qadınlar cəmiyyətdə hörmət və nüfuz ünvanı kimi tanınırlar. BMT-nin hesabatına görə, dövrümüzün qlobal ekoloji və iqtisadi problemlərindən sonra qadınların cəmiyyətdəki mövqeyi və rolu əhəmiyyətinə görə ikinci yerdədir. Son illər müşahidə edirik ki, vətəndaş cəmiyyətinin inkişafı prosesi müasir dünyada kişi və qadınların rollarının qaçılmaz dəyişməsinə səbəb olur, qadınlar qərarların qəbulunda getdikcə daha çox iştirak edir, gender bərabərliyinin hərtərəfli müdafiəsi, onun sosial-mədəni aspektləri genişlənir və s. Qadın ailədə bərabərliyə, həyat yoldaşları arasında vəzifələrin ahəngdar bölüşdürülməsinə çalışır. O, daha müstəqil olur, özünü təkcə ailədə deyil, həm də ondan kənarda, peşəkar sahədə uğur qazanmağı hədəfləyir. İndi qadınlar bir çox sahədə əvvəllər yalnız kişilərin göründüyü mövqeləri tuturlar. Ünsiyyət , təcrübə və bacarıqları sayəsində zirvələrə yüksəlirlər. Qurultay cəmiyyətdə qadınların siyasət, iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq rolunun müəyyənləşməsi istiqamətindən faydalı idi...”
Y.Hacıyeva qeyd edib ki, Azərbaycan cəmiyyətində qadınının sosial, iqtisadi, siyasi və ictimai rolu haqqında geniş sahələri əhatə edən suallara cavab vermək baxımından Qurultay faydalı hesab edilməldir: “Azərbaycan qadınlarının ötən 5 illik hesabatı dinlənildi, növbəti il üçün hədəf və məqsədləri müəyyən edildi. Cəmiyyətin müxtəlif sahələrində aktivlik göstərən 600-ə yaxın qadının bir çətir altında birləşməsi, əslində, qadının Azərbaycan cəmiyyətindəki rolunun necə həlledici, aparıcı olmasını bir daha nümayiş etdirir. Azərbaycan cəmiyyəti tarixən qadına spesifik münasibətləri olan cəmiyyətdir. Buradakı milli-mental düşüncədə qadının yeri ayrı və xüsusidir. Qadına hörmət həlledici istiqamətdir. Baxmayaraq ki, qloballaşma prosesləri Azərbaycandan yan keçməyib. Azərbaycanda da qadının ənənəvi “xanım” adlandırdığımız mərkəzi mövqeyini mübahisələndirənlər var, amma çox deyillər. Çoxluğun nüvəsində qadına hörmət, milli-mental, spesifik xüsusiyyətlərə mühafizəkar yanaşma dayanır. Hər bir qadın bunu öz həyatında hiss edir. Qurultay da belə keçdi. Bu, əslində Azərbaycan dövlətinin müasir, yenilənmiş, tələblərə cavab verən qadın siyasətinin elan olunmasıdır. İstər hesabatda eşitdiklərimiz, istərsə də gələcək xarakterli strategiyalar faydalı oldu. Strategiyaların pilləli olaraq fəaliyyət planı çərçivəsində həyata keçirilməsi ilə Azərbaycan cəmiyyətində qadının rolu daha da möhkəmlənəcək. Əlbəttə, problemlər də var. Bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da qadına müstəsna münasibətlərlə paralel qadın hüquqlarını izolya edərək fərqli baxışlarsa sahib şəxslər var. Biz onları qurultayda eşitmədik, amma dünəndən Qurultayın ətrafındakı müzakirələrdən biri də bu istiqamətdədir. Redaktorlardan biri öz hesabında yazıb ki, qadını ciddi varlıq hesab etmir. Cəmiyyətimizdə bu cür düşünən təkcə o deyil. Məhz belələrinin fikirlərini yayındırmaq üçün qadınların ciddi fəaliyyətlərinin olması çox vacibdir. Təbiət qadın və kişini cüt yaradıb. Təbiətin yazılmış və yazılmamış qanunlarında sosial fərdlərin xoşbəxtlik anlayışı qarşılıqlı ünsiyyət və sevgi əsasında formalaşıb. Azərbaycandakı bu ənənəvi sosial konstruksiyalarda qadın və kişinin xoşbəxtlik anlamı bir-biri ilə bağlıdır. Avropada kişi özünü başqa istiqamətdə xoşbəxt hiss edə bilər. İdmanla məşğul olanlar, heyvan saxlayanlar özlərini xoşbəxt hesab edirlər. Azərbaycan kişisinin isə xoşbəxtlik təsəvvürü rahat həyatla təmin olunmuş anası, xoşbəxt həyatı olan bacısının varlığı, qarşılıqlı hörmət bəslədiyi həyat yoldaşının olmasıdır. Azərbaycan kişisinin karyera uğuru, siyasi lider kimi, oğul, ailə başçısı kimi uğur hekayəsi məhz qadınlara bağlıdır. Sosial fərdlərin ictimai konstruksiyalarında geniş sapmalar yoxdur. Müasir çağırışlar, əlbəttə, var. Bu, təbiət qanunlarına zidd çağırışlarla özünü büruzə verir və cəmiyyətə faydalı heç nə gətirmir. Təhlükəli çağırışlar haqqında danışırıqsa, bu təhlükənin qarşısını ancaq dövlətləri ayıran qaçılmaz ideoloji, iqtisadi və siyasi maneələr üzərindən bir-birinə əl uzatmaqla adlamaq olar. Müharibəsonrası cəmiyyət quruculuğunda sülhü qorumağın mütləq prioritet olmasını hamıdan daha çox, daha dolğun, daha emosional, daha kəskin dərk edən məhz qadınlardır”.


