Gündəm Özəl

“İdxaldan asılılıq təbii haldır” — İqtisadçı

“İdxaldan asılılıq təbii haldır” — İqtisadçı

Azərbaycanda istehlak edilən önəmli ərzaq mallarına tələbatın mühüm hissəsi idxal hesabına formalaşır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında ərzaq məhsullarının idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artıb.

İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, ölkədə bütün məhsulları becərmək, istehsal etmək mümkün deyil:

“İlk olaraq ona görə ki, ərazi kiçikdir. Bərəkətli torpaqlar azdır, ölkənin su resursları ilə təminat səviyyəsi yüksək deyil. Cənubi Qafqazın su ehtiyatlarının 70 faizi Gürcüstanın, 20 faizi Ermənistanın, cəmi 10 faizi Azərbaycanın payına düşür. Heyvandarlığın inkişafı üçün də böyük ərazilər yoxdur.

Bəzi məhsullar xüsusi iqlim xüsusiyyətlərinə malikdir, subtropik zonalarda daha yaxşı yetişir. Buğda becərilməsinə subsidiya ayrılıb, amma yenə də yerli buğdanın keyfiyyəti bizi qane etmir. Qiyməti də dünya bazarlarından ucuz deyil. Kiçik ölkə olduğumuz üçün idxaldan asılı olmağımız təbii haldır. Əksinə, hər şeyi ölkədə istehsal etsək, həddən artıq baha olacaq. Əgər indi düyünü xaricdən alırıqsa, özümüz tələbatı ödəməyə çalışsaq, bundan beş dəfə baha olacaq. Daxili istehsal o demək deyil ki, məhsul ucuz və ya daha keyfiyyətli olacaq. Dünyanın əksər ölkələri idxaldan asılıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova