Gündəm Özəl

Xaçaturyana ən ağır cəza verilsin — Milli Qəhrəmanın qardaşı

Xaçaturyana ən ağır cəza verilsin — Milli Qəhrəmanın qardaşı

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Fazil Hacıyev ifadə verib.

Demokrat.az xəbər verir ki, Fazil Hacıyevin sözlərinə görə, təqsirləndirilən şəxs Vaqif Xaçaturyanı tanıdığını bildirib: " Meşəli faciəsini əsil səbəbkarı bu şəxsdir. Bir evdə 5 nəfəri yandırdılar. Bunlar hamısı kəndi yaxşı tanıyırdılar. Kənddən çıxışları kəsmişdilər. Məktəbdə 5-6 nəfəri diri-diri yandırdılar. Əvəz dayı, Qönçə xala, Allahverdi dayını yandırmışdılar. Tanınmaz hala saldılar".

Vaqif Xaçaturyan deyib ki, zərərçəkmişi tanımayıb, yadına sala bilmir. Zərərçəkmiş ona belə cavab verib: "Xəstəni gülləyən, polisi ayağından vuran sən deyilsən. İndi burada danırsan. Sən cinayətkarsan. Ən ağır cəza verilməlidir".

Zərərçəkmiş Arzu Rüstəmovun sözlərinə görə, Ağdam rayonunun Xıdırlı kəndinin sakini olub, təqsirləndirilən şəxsi tanımayıb: "Həmin kənddə olmamışam. Qardaşım Hidayət Rüstəmov polis nəfəri kimi Meşəli kəndinə ezam olunmuşdu. Qardaşımı orada yandırmışdılar. Külünü gətirdilər, dəfn etdik. Həmin kəndin sakinləri deyirlər ki, kəndi yandırıblar, polisləri yandırıblar. Rəhmətliyin əynində jaketi var idi. Bir qədər həmin hissədə qalmışdı, onu verdilər. Biz də basdırdıq. Şikayətçiyəm, ağır cəza verilsin.

Qeyd edək ki, Hidayət Rüstəmov Milli Qəhrəmandır.

Zərərçəkmiş Bəsti Behbudova ifadə verib. Bəsti Behbudovanın sözlərinə görə, təqsirləndirilən şəxsi tanımayıb. Bildirib ki, Meşəli hadisəsi zamanı özü uşaq olub, həmin hadisələri özü xatırlamasa da, böyüklərindən həmin faciəni eşidib: "Atam həmin hadisələrdə güllə yarası alıb, sonradan atam həmin hadisələrdən ağır xəstəliklər keçirib. Həmin hadisələrdən sonra vəfat etdi. atamın necə əziyyət çəkdiyi gözümün qabağındadır. Ən ağır cəza verilməsini istəyirəm".

Digər zərərçəkmiş Bayram Hacıyev bildirib ki, həmin hadisələrdə cavan olub, əsgərlikdən yeni gəlib və təqsirləndirilən şəxsi sürücü kimi tanıyıb: "Hadisə günü hamı Vaqif deyirdi. Mən bilmirdim ki, bu kimdir. Hadisədən sonra deyirdilər ki, Vaqifin dəstəsi gəlib. Dəhşətli hadisələr törədiblər. Vaqifi tanıyanlar onun adını çəkirdilər. Rəhmətlik Qənimətin azyaşlı oğlunu çaydanda yandırdılar".

Vaqif Xaçaturyan and-aman edib ki, guya həmin hadisələrdə iştirak etməyib. Zərərçəkmiş bildirib ki, onların and içmələrini çox görüb. Əlavə edib ki, Vaqifdən başqa digər şəxslər də həmin hadisələrdə iştirak edib.

Zərərçəkmiş Ədalət Salmanovun sözlərinə görə, 1991-ci ildə dekabrın 23-də səhər tezdən kəndə hücum olub: "Azərbaycan dilində xəbərdarlıq etdilər ki, kəndi tərk edin. Dedilər ki, səs edən Armayisdir. Sonradan dedilər ki, Vaqif olub. Mənim Daşbulaqda maşınımı yandırdılar. Hər bir əzab-əziyyəti görmüşük. Qarok, Armayis və Vaqif əsas adamlar idilər. Bunlar Badara kəndinin sakinləridir".

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova