“Ermənistanın da 8 kənd problemi var. Tavuş vilayətində Azərbaycanın tərkibinə qatılan Berkaber (Tatlı), Aygeovit, Vazaşen, Paravakar kəndləri və başqa ərazilər var. Artsvaşen (Başkənd) də Ermənistan Respublikasının 29 min 800 kvadrat kilometrlik ərazisinə daxildir”.
Demokrat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalında olmasına dair bəyanatından sonra deyib.
O qeyd edib ki, anklavlar probleminin həlli yollarından biri onların Azərbaycanla dəyişdirilməsidir.
Politoloq Zərdüşt Əlizadə Demokrat.az-a açıqlamasında anklavlar məsələsinin mümkün həll yollarından danışıb:
“Sərhədlərin müəyyən edilməsi üçün delimitasiya komissiyası yaradılıb. Orada anklavlar məsələsi də həll olunmalıdır. Ortaya qoyulan sənədlər Azərbaycanla müzakirə olunur. Ortaq təkliflər hazırlanacaq. Aidiyyəti şəxslər tərəfindən yüksək səviyyədə bu təkliflər müzakirə olunacaq. Ortaq qərara gəlinəndən sonra məsələ imzalarla həllini tapmalıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Ermənistan tərəfindən işğal olunan 8 kəndin qaytarılmasının vacibliyinə toxunub.
Törə Zeynallı Demokrat.az


