Şabran rayonunda 1994-cü il təvəllüdlü Elman özündən kiçik olan, yetkinlik yaşına çatmayan Fəridə (adlar şərti veriib – red.) ilə ailə qurmaqda ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elman 2021-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan gündə və vaxtda yaşadığı Şabran rayonunun kəndlərindən birində yaşadığı evdə faktiki ər-arvad münasibətlərində yaşadığı, həmin vaxt on altı yaşına çatmayan Fəridə ilə təbii yolla cinsi əlaqədə olub.
Bundan sonra həmin hərəkətlərini davam etdirərək həmin tarixdən 2022-ci ilin dekabr ayının istintaqla müəyyən edilməyən günədək mütəmadi olaraq təkrarən cinsi əlaqəyə girib.
Elmanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şabran rayonunun kəndində atam, anam, qardaşım və arvadım Fəridə ilə birlikdə yaşayır:
“Mənimlə eyni kənddə yaşayan Fəridə ilə neçə müddətdir ki, bir-birimiz ilə evlənmək istəmişik. Müəyyən problemlərə görə qarşılıqlı olaraq ailələrimiz bizim evlənməyimizə razı olmayıblar. Bu səbəbdən də 2021- ci ilin may ayında Fəridəni yaşadığı evdən onun razılığı ilə öz evimizə gətirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra hər iki ailə arasında barışıq olub və hazırda Fəridə onunla bir evdə ər-arvad münasibətində yaşayır:
“2022-ci ilin aprel-may ayında arvadımın hamilə qalmasında şübhələnərək test vasitəsilə analiz etdik. Cavabı pozitiv yəni, hamiləlik kimi göstərildi. Bundan sonra arvadımı mütəmadi olaraq Siyəzən rayon Mərkəzi Xəstəxanasına aparararaq onu daimi nəzarətdə saxladıq. Hazırda Fəridənin bir uşağı var. Fəridə ilə bir-birimizi sevirik, çox mehriban münasibətdəyik. Gələcəkdə onun yaşı imkan verən kimi rəsmi olaraq nigah bağlayacağıq. Başa düşürəm ki, səhv etmişəm. Xahiş edirəm ki, mənə yüngül cəza verilsin”.
Bu cinayət işinə Şabran rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 1 il sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza verilib.
Fariz Məlikli Demokrat.az


