Oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günüdür.
Demokrat.az xəbər verir ki, bu təqvim günü 1992-ci ildə Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib. Bəs, insanlarımız psixi sağlamlıqlarının qeydinə qalırmı?
Psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlamasında deyib ki, insanlar daha çox daxili xəstəliklərini müalicə etdirməyə çalışır. Anlamırlar ki, xəstəliklərə səbəb psixoloji vəziyyətləridir:
“İnsan nə qədər çox əsəbi, stressli olursa, mədə-bağırsaq sistemində pozulmalar olur, nə qədər çox depressiv olursa, ürək, qan-damar sistemi xəstəlikləri yaranır, qorxu, təşviş içində olan şəxslərdə şəkər xəstəliyinə yaxalanma, infarkt riski daha yüksəkdir.
Ökəmizdə insanlar problemini hər kəsə danışdıqdan sonra ən sonda psixoloqa üz tuturlar. Düşünmürlər ki, dərdlərini bölüşdükləri insanlar onların anonimliyini qorumur, psixoloq qədər də yardım edə bilməzlər. Görürük ki, insanlar psixi sağlamlıqlarının qeydinə qalmırlar. Elə olsa, insan ilk növbədə onu incidən, rahat yaşamağına mane olanları ətrafından uzaqlaşdırar, maddiyyata görə istəmədiyi bir işdə, istəmədiyi bir müdirlə çalışmaz. Pula görə, yüksək maaşa görə sevmədiyimiz işdə çalışırıq bəzən. Bilmirik ki, bunun bizə hədsiz fəsadı var”.

G.Orucova düşünür ki, hər bir müəssisədə mütləq psixoloq olmalıdır:
“İşçilərin hər hansı problemi olarsa, həmin psixoloqla seans aparsınlar. Bu, kollektivdə uğura, işin keyfiyyətinin artmasına səbəb olacaq. Bu gün o insanlar psixoloqa gəlir ki, uşaqlarında hər hansı bir problem var, danışmır, ünsiyyət qurmur. Öz şəxsi problemləri üçün gəlmirlər. İlk növbədə öz psixoloji sağlamlığımıza diqqət yetirməliyik. Çünki yalnız sağlam psixologiyaya sahib ana sağlam övlad yetişdirə bilər. Düşünürük ki, özümüz xoşbəxt olmasaq da olar, təki uşağımızın üzü gülsün. Lakin insan özü xoşbəxt deyilsə, heç kimi xoşbəxt edə bilməz”.
Törə Zeynallı Demokrat.az


