Gündəm Özəl

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanıması ilkin sülh sazişini sürətləndirə bilər”— Politoloq

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanıması ilkin sülh sazişini sürətləndirə bilər”— Politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada Avropa İttifaqı, Almaniya və Fransa liderləri ilə görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyanat imzalayıb.

Demokrat.az xəbər verir ki, Bəyanatın mətni Aİ Şurası tərəfindən yayılıb.

Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.

Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində bildirib ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və məsələ bitib:

“Ermənistan Qarabağın statusu məsələsini həll edib. Qarabağ rəsmi olaraq Azərbaycanın tərkibinə keçib”.

Demokrat.az-a açıqlamasında Ermənistan Baş nazirinin əvvəllər də belə bəyanatla çıxış etdiyini xatırladan siyasi şərhçi Turan Rzayevin fikrincə, Paşinyan sülh müqaviləsi imzalamaq istəyir, lakin tərəflərin fikir ayrılığı yaşadığı məsələlər var:

“Dövlətlərin ərazi bötüvlüyünü hər iki tərəf tanıyır. Həllini gözləyən əsas məsələ sərhədlərin delimitasiya və demarkasiyası, anklav və eksklavlar və Zəngəzur dəhlizidir. Ermənistan tərəfi Zəngəzur vasitəsilə kommunikasiya xətlərinin açılmasında maraqlıdır, lakin bunun dəhliz prinsipilə deyil, öz qanunları ilə və özünün nəzarət edəcəyi bir yol şəklində olmasını istəyir. Azərbaycan tərəfi isə noyabr bəyanatını əsas gətirərək maneəsiz hərəkət prinsipini irəli sürür”.

Ekspertin sözlərinə görə, Putin topu Ermənistana atır və Paşinyanı günahkar çıxarır:

“Verilən mesaj budur ki, Rusiya məsələni fərqli həll edəcəkdi, amma Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün proses bitmiş sayılır. Bunlar onu deməyə əsas verir ki, Rusiya hazırkı proseslərdən narazıdır. Yekun sülh müqaviləsi hələ imzalanmayıb. Müharibə vəziyyətinin davam etdiyini deyə bilərik. Bundan başqa prosesə müdaxilə edən kənar qüvvələr də çoxdur. Fransanın məsələyə yanaşması qeyri-adekvatdır. Ermənistan isə konsensusa gəlmək əvəzinə, öz tələblərini irəli sürür.

Hər halda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanıdığını təsdiq edən sənədin olması ilkin sülh sazişini sürətləndirə bilər. Buna nail ola bilsək, iki ölkə rəsmilərindən ibarət komissiya yaradıb, qalan məsələləri həll etmək mümkündür”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova