Gündəm Özəl

"Beynəlxalq təşkilatlar bütün bunları görmək istəmir" — Yenidən Rifah Partiyasının sədr müavini ilə EKSKLÜZİV MÜSAHİBƏ

Beynəlxalq təşkilatlar bütün bunları görmək istəmir — Yenidən Rifah Partiyasının sədr müavini ilə EKSKLÜZİV MÜSAHİBƏ

"Yenidən Rifah Partiyası olaraq hər zaman dost və qardaş can Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik".

Bu sözləri Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanın müavini Selçuk Geyveli Demokrat.az-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Selçuk bəy, Azərbaycan 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü tamamilə bərpa etdi. Yenidən Rifah Partiyasının bundan sonrakı proseslərdə və quruculuq işlərində təklifləri olacaqmı?

- Qeyri-qanuni erməni silahlı dəstələri 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatın maddələrinə əməl etməyərək Qarabağdakı mövcudluqlarını davam etdirməyə cəhd göstərirdilər. Son aylarda isə onlar Azərbaycan Ordusuna sistemli şəkildə hücumlar etdi, təxribatlar törətdi və işğaldan azad olunan ərazilərə belə mina basdırmağa davam etdilər. Bütün bunlara və polislərin şəhid olmasına cavab olaraq Azərbaycan Ordusu 24 saatlıq lokal antiterror tədbirləri həyata keçirdi. Bununla da Qarabağdakı təhlükəsizlik yenidən bərpa olundu.

Yenidən Rifah Partiyası olaraq hər zaman dost və qardaş can Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Biz də Azərbaycan torpağı olan Qarabağın işğaldan azad edilməsi məsələsində hər zaman ən yüksək səslə qardaşlarımızın yanında yer almışıq. Bundan sonra da "Bir millət, iki dövlət" şüarı ilə Azərbaycanın yanında olmağa davam edəcəyik. Ümumiyyətlə, türk və islam dövlətləri birliyini qurmaq yolunda Yenidən Rifah, Yenidən Ərbakan ən böyük ümidimizdir.

- Azərbaycan hökuməti Qarabağdakı ermənilərə getmə desə də bölgəni tərk edirlər. Onları Ermənistan hökuməti və separatçıların köçməyə məcbur buraxdığı görünür. Azərbaycan isə ermənilərlə birlikdə yaşamağı təklif edir, onlara yardımlar göndərir və pulsuz yanacaq verir. Sizcə, ermənilər nə üçün bölgəni tərk edirlər?

- Azərbaycanın lokal antiterror tədbirlərindən sonra separatçılar bölgədən qaçmağa başladılar. Bu qərarın ardından Xankəndi şəhərindən ayrılan ermənilərin maşınlarından ibarət uzun tıxaclar meydana gəldi. Qarabağdakı qondarma qurum isə guya 120 min erməninin Ermənistana köçəcəyini açıqladı. Ermənistan tərəfi də bu köçü dramatikləşdirərək, özlərini dünya ictimaiyyətinə "məzlum" və "evlərindən məcburi göndərilmiş xalq" kimi göstərməyə cəhd edir. Amma dünya ictimaiyyəti də bilir ki, Qarabağ Azərbaycandır!

Azərbaycanlılar 30 il öncə Qarabağdan torpaqları işğal edilərək, malları və evləri oğurlanaraq ayaqyalın şəkildə zorla çıxarılmışdı. Amma Azərbaycan xalqı öz torpaqlarını işğaldan qurtararaq geri qayıtdı. Azərbaycan hökuməti zamanında onlara vəhşicəsinə davranan ermənilərə kin və nifrətlə yanaşmadı. Onlara əsl insanlıq dərsi verdi.

Rəsmi Bakı ermənilərə istəsələr Azərbaycan bayrağı altında yaşamağı təklif edir. Hətta çətin vəziyyətə olan ermənilərə yardımlar göndərilir, pulsuz yanacaq verilir. Bundan sonra qərar onlarındır.

Hazırda isə Azərbaycan Qarabağı işğaldan azad edib və bölgəni yenidən qurur. Azərbaycan hökuməti öz torpaqlarında sülh və əmin-amanlıqla yaşamağın təminatçısıdır. Biz də onları dəstəkləyəcəyik.

- Sizin də az öncə qeyd etdiyiniz kimi, 30 il əvvəl Azərbaycan xalqı ermənilər tərəfindən silah zoru ilə soyuqda ayaqyalın şəkildə Qarabağdan köçməyə məcbur edildi. Amma dünya həmin vəhşiliyə səssiz qalmışdı. İndi isə beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikili standartlardan çıxış edirlər. Necə düşünürsünüz, beynəlxalq təşkilatlar nə üçün həqiqətləri görmür?

- Türk və müsəlman olan Azərbaycan dövlətinin, xalqının humanist və vicdanlı olması səbəbindən işğalçı erməni xalqına heç bir əziyyət verilmədən yardımlar göndərilir. Həmçinin, onların təhlükəsizlik şəraitində ölkələrinə qayıtmaları da təmin olunur. Bütün bunlar isə dünya mediasının gözü qarşısında baş verir. Halbuki, 30 il bundan öncə işğalçı Ermənistan dövləti bölgənin sahibi olan Azərbaycan xalqını qış günü qadın, yaşlı, uşaq ayırmadan öldürdü. Onların malları yağmalandı, ayaqqabıları belə alınaraq ağır hava şəraitində köçməyə məcbur edildilər. Azərbaycan isə intiqam hissləri ilə deyil, vicdanlı şəkildə davranır. Bu, Azərbaycan dövlətinin və əsgərinin insanlıq dərsidir. Amma beynəlxalq təşkilatlar bütün bunları görmək istəmir. Təbii ki, görmək və dərs almaq istəyən üçün hər şey ortadadır.

- Təəssüf ki, mayda keçirilən prezident seçkiləri ərəfəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun məşhur xəritə videosunda və bəzi çıxışlarında Azərbaycan əleyhinə açıqlamaları, eləcə də Türkiyədəki başqa partiya liderləri və siyasətçilərinin ölkəmizə qarşı bəyanatları olub. Bəs Yenidən Rifah Partiyasının Azərbaycanla bağlı məsələlərdə konkret mövqeyi necədir?

- Yenidən Rifah Partiyası Azərbaycanın olduğu hər platformada həmişə qardaş can Azərbaycan xalqının və dövlətinin yanında olub. Olmağa da davam edəcək. Hətta Yenidən Rifah Partiyası iqtidarda olsaydı, Qarabağın işğalı belə uzun müddət davam etməz və bu qədər kədər yaşanmazdı. Bu məsələdəki mövqeyimiz belə qətidir. Çünki bu barədə çox həssasıq. Bu vəsilə ilə rəhmətli Nəcməddin Ərbakanı və Heydər Əliyevi də yad edirik. CHP-nin milli olmayan mövqeyini və bəyanatlarını isə rədd edirik. Ümumiyyətlə, elə partiyaların mövqelərinin Türkiyə xalqının və dövlətinin mövqeyini təmsil etmədiyinin bilinməyini istəyirik.

- Gələn il keçiləcək bələdiyyə seçkiləri barədə də sual soruşmaq istərdik. Partiyanızın əsas hədəfi nədir?

- Türkiyədə 14 may tarixində keçirilən prezident və parlament seçkilərində Yenidən Rifah Partiyası "Cümhur İttifaqı" ilə koalisiya qurdu. Amma Ədalət və İnkişaf Partiyasının (AKP) listələrindən deyil, öz adımız və emblemimiz ilə seçkilərə müstəqil şəkildə girdik, təxminən 3% səs topladıq və Türkiyə Böyük Millət Məclisində (TBMM) 5 deputatla təmsil olunmağa haqq qazandıq.

Bələdiyyə seçkilərində də Yenidən Rifah Partiyası olaraq hər yerdə öz namizədimizlə mübarizə aparacağıq. Çünki millətimizin bizdən tələbi budur. Biz də başda millətimizlə ittifaq quraraq, 1994-cü ildə olduğu kimi bələdiyyə seçkilərindəki qələbəmizi yenidən təkrarlayaraq, seçkilərdən zəfərlə çıxacağıq.

- Sonda Azərbaycan xalqına demək istədiyiniz sözünüz varmı?

- Azərbaycan xalqına salamlar göndəririk. Duamız odur ki, Azərbaycan xalqı bir daha kədər yaşamasın və sonsuza qədər müstəqil olsun. Zəfərləriniz əbədi olsun!

Elmir Kamal Demokrat.az

NE
Nihadə Eyyubova