Azərbaycanda ilk dəfə elektron su xəritəsindən istifadə olunmağa başlanıb.
Demokrat.az xəbər verir ki, bunu Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov deyib. O bildirib ki, bu xəritə vasitəsilə hansı ərazilərdə subasma olacağı barədə əvvəlcədən məlumat əldə etmək mümkün olacaq.
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, elektron xəritələrin olması vacibdir:

"Onlarda su hövzələrinə aid bütün məlumatlar əks olunur. Hansı miqdarda su götürülür, hal-hazırda nə qədər götürülür, hansı çirklənmə mənbələri var, onlardan çaya nə qədər su axıdılır və s. elektron xəritələrdə göstərilir. Bu, prosesi daim müşahidə altında saxlamağa imkan verir. Avropanın ən böyük çaylarını götürsək, onların elektron xəritələrində hansı zaman kəsimində hansı nöqtədən başlayaraq nə qədər su götürüldüyünü görə bilərik. Əsas çirkləndiricilərin xarakteristikası haqqında elektron xəritələrdə dəqiq məlumatlar olmalıdır. Həm dövlət orqanları, həm ictimaiyyət nümayəndələri, həm də tədqiqatçılara bu xəritələr əlçatan olmalıdır".
Ekspert hesab edir ki, elektron xəritələrin yaradılması dövlət su ehtiyatlarının idarə edilməsinə təkan verəcək:
"Monitorinq sistemləri də burada göstərilməlidir. Dövlət Su Ehtiyatları Agentliyi su mənbələri üzərində monitorinqi gücləndirməlidir. Hansı məlumatların elektron xəritədə əks olunacağı müəyyənləşdirilməlidir".
Törə Zeynallı Demokrat.az


