“Bu gün dünyanın ayrı-ayrı hegemon ölkələri və dünya idarəçiliyi ilə məşğul olan güclər arasında mübarizənin getdiyi bir dövrdə bu və ya digər təşkilatların MDB və Şərqi Avropa ölkələrinə nüfuz etməsi, orada dini, siyasi və milli-ideoloji istiqamətdə gənclərlə, vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları və media ilə apardığı işlərdən bəlli olur. Sirr deyil ki, USAİD həm Ermənistanda, həm də Gürcüstanda artıq üçüncü on illikdir ki, öz fəaliyyətini genişləndirir. Bunun nəticəsində demək olar ki, əksər vətəndaş cəmiyyəti üzvləri, müxtəlif qurumlar və hərəkatlar və bəzi media subyektləri bu təşkilatın maraqlarından çıxış edir. Vəziyyət o həddə çatıb ki, Azərbaycanla bağlı edə bilmədiklərini də məhz Gürcsüstandakı müəyyən qruplar vasitəsilə həyata keçirmək istəyirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
O qeyd edib ki, Gürcüstan hökumətinin USAİD-in ölkədə çevriliş etmək planları haqqında bəyanatı MDB məkanında, Şərqi Avropada yerləşən ölkələr üçün ciddi siqnaldır:
“USAİD Azərbaycanla bağlı planlarını ictimai fəalları, QHT nümayəndələrini və bəzi media qurumlarını Gürcüstana çağırmaqla və gəncləri bu işə cəlb etməklə həyata keçirmək istəyirdi. İlk baxışdan mövzular cəlbedici görünsə də əslində USAİD-in siyasi maraqlarına xidmət edirdi, hansı ki, dövlətin suverenliyinə zərbə vurmağa yönəlmişdi. 2014-cü ildə USAİD Azərbaycanda müstəqil medianın inkişafı üçün 2,4 milyon qrant ayırdı. Bu, kiçik ölkə üçün kifayət qədər böyük rəqəm idi. Nida, Dalğa hərəkatlarını da ciddi şəkildə dəstəkləyir, onlara maliyyə ayırırdı. Antiterror tədbirlərinə qədər Azərbaycanda yeni “sülh quşları” meydana gəlmişdi. Bu “No War”çular əlbəttə ki, USAİD və müxtəlif qərb təşkilatları ilə əlbir idilər”.
Z.Məmmədov Gürcüstan və Ukraynadakı hadisələri xüsusilə vurğulayıb:
“Münaqişələr başlayanda bu ölkələrdə artıq milli identikliklə, xarici siyasətdəki istiqamətlərlə bağlı ideoloji baxış bucaqlarında fərqliliklər var idi. Cəmiyyət demək olar ki, parçalanmışdı. Xoşbəxtlikdən Azərbaycan cəmiyyətinin əksəriyyəti ölkə hakimiyyəti ilə vahid fikirdədir, ortaq milli təfəkkürə sahibik. Bunu 44 günlük müharibə dövründə də gördük. USAİD-in rəhbəri Samanta Pauerin bu yaxınlarda bölgəyə səfəri və Ermənistanda səsləndirdiyi fikirləri də unutmamışıq. Görünən odur ki, təşkilatın Azərbaycanla bağlı müəyyən məqsədləri var idi. Rəsmi Bakı bu planların gerçəkləşməsinə imkan verməyəcək. Hər bir məsələ dövlətin nəzarəti altındadır”.
Törə Zeynallı Demokrat.az


