“2030-cu ilədək Ukraynanın Avropa İttifaqına daxil olmasının tərəfdarıyıq. Bir şərtlə ki, hər iki tərəf öz tapşırıqlarını yerinə yetirsin”.
Demokrat.az xəbər verir ki, bu fikirləri “Spiegel”ə müsahibəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
Daha sonra o deyib:
“Bəli, hər iki tərəf öz tapşırıqlarını yerinə yetirərsə, Ukrayna 2030-cu ildə Avropa İttifaqının bir hissəsi ola bilər”.
Onun sözlərinə görə, Ukrayna və digər namizəd ölkələr ciddi islahatlar həyata keçirməli, korrupsiya ilə mübarizə aparmalı və qanuni tələblərə əməl etməlidir:
“Avropa İttifaqında biz birlikdə nəyə nail olmaq istədiyimizi, prioritetlərimizin harada olduğunu və pulu nəyə xərcləmək istədiyimizi aydın başa düşməliyik. Bu baxımdan da qərarların qəbulu proseslərini sürətləndirməliyik. Avropa Birliyi çox vaxt itirə bilməz. Məsələn, Qərbi Balkan ölkələri 20 ildir ki, Avropa Birliyinə daxil olmaq üçün növbə gözləyirlər, nəticədə həmin regionda Rusiya və Çinin təsirləri artır. Çiçəklənən və təhlükəsiz Ukrayna isə bizim öz maraqlarımızdadır. Onların Rusiyaya müqaviməti göstərdi ki, Ukrayna tezliklə Avropa Birliyində olmalıdır. Tezliklə, bu istiqamətdə konkret qərar verilməlidir. Bu, həm də Avropa Birliyinin geosiyasi fəaliyyətlərə qadir olduğunu sübut edəcək”.
Elmar Heydərli Demokrat.az


