Gündəm Özəl

Çoxmərtəbəli binaların tikintisində hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır? — Ekspertdən AÇIQLAMA

Çoxmərtəbəli binaların tikintisində hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır? — Ekspertdən AÇIQLAMA

Sumqayıtda usta 9-cu mərtəbədən yıxılıb ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində işləyən usta Taleh Həmidov hündürlükdən yıxılaraq almış olduğu xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi açılıb, istintaq aparılır.

Tikintidə təhlükəsizlik qaydalarından danışan ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, hər il dünyada milyonlarla insan peşə xəstəliyindən əziyyət çəkir:

“Təəssüf ki, Azərbaycanda da oxşar vəziyyətdir. İstehsalatda hər il saysız qəzalar baş verir, onlarla insan xəsarət alır, həyatını itirir. Qəzaların əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün baş verir. Həm işəgötürən, həm də işçi özü məsuliyyətli və ehtiyatlı olmalıdır”.

Təhlükəsizlik məsələləri üzrə ekspert bildirib ki, növündən asılı olmayaraq bütün iş yerlərində təhlükəsiz əmək şəraiti yaradılmalıdır:

Çoxmərtəbəli binaların tikintisində hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır? — Ekspertdən AÇIQLAMA

“İş yerində işçinin həyat və sağlamlığı üçün bu və ya digər şəkildə hər hansı risk olmalı deyil. İşəgötürənlər bu məsələyə son dərəcə həssas yanaşmalıdırlar, çünki baş verəcək hər hansı bədbəxt hadisədə bilavasitə məsul şəxs onlardır. Bütün risklər öncədən gözə alınmalı və preventiv tədbirlər görülməlidir. İş yerlərində texniki təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Eyni zamanda əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına, sanitar normalara əməl etməyi də unutmaq olmaz.

Çoxmərtəbəli binalarda tikintidə çalışan şəxslər təhlükəsizlik kəməri taxmalı, fərdi mühafizə vasitələri ilə təchiz olunmalıdır. Bəzən bunları görmürük. Təhlükə də bundan başlayır. Bu kimi sadə görünən, lakin son dərəcə vacib qaydalara əməl edilməməsi birbaşa olaraq işçinin həyatı üçün təhlükədir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova